Bentley şirkəti mütəmadi olaraq öz pərəstişkarlarını xüsusi seriyadan olan avtomobillərlə sevindirir. Bu dəfə, britaniyalı dəbdəbəli avtomobil istehsalçısı Mulliner bölümünün hazırladığı V8 mühərriki ilə təchiz edilmiş Bentayga Design Series krossoverini təqdim edib.
Zahiri cəhətdən “dizayn” seriyasından olan Bentayga modeli ön bamperin kuzov rənginə boyanmış aşağı hissəsi və buraxılış sisteminin qara parlaq çıxış boruları ilə seçilir. Bundan başqa, Bentley Bentayga Design Series modeli tünd-boz dekoru və cilalanmış əlavələri, həmçinin təkər topunda özüdüzələn Bentley emblemi olan Paragon təkər diskləri ilə də təchiz edilir.
Xüsusi seriyadan olan avtomobillərin interyer tərtibatında qırmızı, narıncı, ağ və göy rəngində seçilən elementlərdən, həmçinin hörmə karbon lifindən hazırlanmış dekor əlavələrindən istifadə edilir. Əlbəttə ki, Design Series ebmlemlərini də yaddan çıxarmaq olmaz. Bentely şirkəti Design Series seriyasından olan krossoverlərin tirajı və qiyməti barədə məlumat verməyib.
Xatırladaq ki, Bentley Bentayga V8 modeli 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli turbomühərrik və səkkiz diapazonlu avtomatik ğtürmələr qutusu ilə təchiz edilir. Krossover 100 km/saat həddini 4,5 saniyəyə toplayır və 290 km/saat maksimal sürət həddinə malikdir.