Bentley şirkəti Bentayga krossoverinin təchizat siyahısını genişləndirməyə davam edir. Artıq, dəbdəbəli ofrouderi dörd və yeddi yerli salonla sifariş etmək də mümkündür. Həlilik, bu opsiya markanın Avropa və ABŞ-dakı müştəriləri üçün əlçatandır.
Üçüncü cərgə yalnız ortada üçyerli divana malik olan krossoverlər üçün nəzərdə tutulub. Üçüncü cərgənin oturacaqları elektrik ötürməsinə malikdir ki, bu da onları asanlıqla qatlayıb baqaj üçün yer boşaltmağa imkan verir. Orta cərgənin oturacaqları isə əllə qatlanır. Üçcərgəli salonu hibrid qurğulu krossover istisna olmaqla, digər modifikasiyalar üçün sifariş etmək olar.
Yeddiyerli Bentley Bentayga əlverişli versiya kimi səciyyələndirilsə də, dördyerli modifikasiyada istiqamət dəbdəbəyə götürülüb. Arxa cərgədəki kreslolar rahatlıq səviyyəsinə görə öndəkilərdən geri qalmır. Bu oturacaqlar 12 istiqamətdə elektrik tənzimlənməsinə, qızdırılma, havalandırma və massaj funksiyalarına malikdirlər. Arxa oturacaqlar dirsəkaltısı, xırda əşyalar üçün bölümü, USB girişləri və soyudulan fincanaltıları olan mərkəzi konsol ilə bölünürlər.