Bentley Mulliner bölməsi Britaniya markasının avtomobillərini fərdiləşdirmək üçün gərək olan bütün opsiyaları özündə cəmləyən Mulliner Personal Commisioning Guide kataloquna yeni opsiyaları əlavə edib. İndi onların arasında qapı kartlarını tvid parçası ilə üzləməyin dörd variantı - klassik Cheltenham parçasından tutmuş damalı Glen Plaid-Tolsta Beach parçasına qədər olan variantlar vardır.
Tvid parçası çapraz toxunuşa malik olan yun parçadır və ondan klassik kostyumlar, paltolar və papaqlar da daxil olmaqla paltar və aksesuarların tikilməsində istifadə olunur. Üstəlik, ən populyar parçalar Şotlandiya və ya İrlandiyada istehsal olunan parçalardır.
Bentley ilk dəfə deyil ki, avtomobillərinin salonlarını tvid ilə bəzəyir. Əvvəllər bu işbirliyi çərçivəsində və məhdud sayda edilirdisə, indi isə, belə tərtibatı istənilən model (Flying Spur, Continental GT və Bentayga) üçün sifariş edilə bilər.
Mulliner atelyesi dörd variantda tvid parça təklif edir. Klassik yaşılımtıl Cheltenham, müasir Charcoal və Sand Herringbone, habelə Xarici Hebrid adalarının sahilinin şərəfinə adlandırılmış damalı Glen Plaid – Tolsta Beach. Benltey üçün parça Şotlandiyada, Hoykdəki Lovat Mill toxuculuk fabrikində hazırlanır.
Şirkət etik və ekoloji cəhətdən təmiz istehsalı ilə məşhurdur (məsələn, istehsalçı sənaye kimyəvi maddələrdən istifadə etmir və fabrik elektrik enerjisinin 90 faizini bərpa olunan mənbələrdən alır) və zəngin bir tarixə malikdir.
Sonuncu dəfə tvid parçasını Bentley salonunda bu ilin yazında görmüşük – o zaman istehsalçı eksklüziv Continental GT Equestrian Edition kabrioletini təqdim etmişdi. Ancaq ekoloji cəhətdən təmiz mənbələrdən alınan materiallar da artıq nadir hal sayılmır.
Məsələn, Bacalar roadsterinin tərtibatında Şərqi İngiltərədəki torf bataqlıqlarından çıxarılan Riverwood ağacından, Wilton yundan və ya Beluga dərisindən istifadə etmək olar. Bundan başqa, avtomobili düyü qabığının külündən alınmış piqmentdən hazırlanan sarı Yellow Flame rəngi ilə boyamaq mümkündür.