Bentley şirkəti gələn həftə Cenevrədə keçiriləcək 88-ci Beynəlxalq avtomobil sərgisində ilk qoşulan hibridini - Bentayga Plug-In-Hybrid modelini təqdim edəcəkdir. Yeni krossover Porsche Panamera E-Hybrid modelindən tanış olan 462 at qüvvəli hibrid güc aqreqatına və “ağıllı” naviqasiya sisteminə sahib olacaqdır.
Bu barədə “Autocar” dərgisi xəbər yaysa da, sonradan məlumat saytdan silinib. Bentayga üç rejimə - elektrik, daxili yanacaq mühərriki və qarışıq, - malik olan güc aqreqatı ilə təchiz ediləcəkdir. Elektrik ötürməsi ilə Bentley Bentayga Plug-In-Hybrid krossoveri 50 kilometr məsafə qət etmək iqtidarındadır.
Avtomobilin batareyalarının məişət elektrik şəbəkəsindən doldurulmasına 7,5 saat gərəkdir. Xüsusi stansiyadan istifadə etməklə bu vaxtı 2,5 saata endirmək mümkündür. Bentayga hybrid krossoveri üçün sənaye dizayneri Filipp Stark tərəfindən hazırlanmış qidalanma qurğusunu şirkətdə “funskional incəsənət əsəri” adlandırıblar. Quraşdırılmış naviqasiya sistemi daxili yanacaq mühərriki və elektromotorun istifadəsinin optimal variantlarını hesablamaq imkanına malik olacaqdır. Batareyaların doldurulması prosesi və klimat-kontrol sistemini mobil əlavə vasitəsi ilə məsafədən idarə etmək də mümkün olacaqdır.
Hibrid krossover adi modellərdən mis rənginə boyanmış modifikasiyanı göstərən emblemlər və mərkəzi disk qapaqları ilə seçiləcəkdir.