Bu günə qədər Bentley Continental GT ailəsi 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təklif edilirdi. Bu gündən Continental GT kupe və kabrioletinin mühərrik çeşidi genişlənib. Bu, 4,0-litrlik səkkiz silindrli biturbomühərrikdir.
Yeni aqreqat Bentley Bentayga və Volkswagen konserninin güclü modellərindən tanış olan 550 at qüvvəli (770 Nm) biturbomühərrikdir. Bentley Continental GT V8 kupesi 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir və 38 km/saat maksimal sürət həddinə malikdir. Kabriolet isə, ilk «yüzlüyə» 4,1 saniyəyə sürətlənir. Maksimal sürət həddi kupe ilə eynidir. İstehsalçı yeni modifikasiyanın qənaətcil olduğunu söyləyir - əsl Grand Tourismo kimi Continental GT dolu çənlə 800 kilometrə qədər yürüş etmək iqtidarındadır.
Vizual olaraq Bentley Continental GT V8 modifikasiyasını buraxılış sisteminin dörd çıxış borusu, xüsusi dizaynlı 20-düymlük təkər disklərinə və «V8» emblemləri sayəsində tanımaq olar. V8 mühərrikinin seçimi avtomobilin fərdiləşdirməsinə heç bir məhdudiyyət qoymur, sadəcə bir qədər qiymətdə qənaət etməyə imkan verir.
İlkin olaraq, Bentley Continental GT V8 modellərinin satılacağı bazar ABŞ bazarı olacaqdır. Səkkiz silindrli kupe və kabrioletlərin satışına bu ilin üçüncü rübündə start verilməlidir. Digər ölkələrin alıcıları 2020-ci ilin əvvəlini gözləməli olacaqdırlar.