Bentley Design Services bölməsi Hollandiyanın Contest Yachts tərsanəsi ilə birləşərək, Continental GT V8 kupesinin salon tərtibatını Contest 59 CS okean yaxtasının interyerində təkrar canlandırıblar. Mütəxəssislər eyni rəng sxemindən, materiallar və dekoradan, və hətta firma “ikiqat romb” tikişindən belə istifadə ediblər.
Bu iş birliyi sayəsində, adı açıqlanmayan Bentley müştərisi mavi Light Sapphire rənginə boyanmış Continental GT V8 kupesinə və bənzər gövdə rənginə malik olan 18 metrlik Contest 59 CS okean yaxtasına sahib olub.
Britaniyalılar kupenin daxili tərtibatında qırmızı Hotspur və açıq qəhvəyi Linen dərilərindən, “ikiqat romb” tikişlərindən və ağac şponundan istifadə ediblər. Hollandiyalı mütəxəssislər də eyni tərtibatı yaxtanın daxilində təkrarlamağa çalışıblar.
Yaxtanın daxili tərtibatında da eyni rənglər və materiallardan istifadə olunub. “İkiqat romb” tikişlərini divan və divar panellərində görmək olar.
Bentley Design Services şirkətinin rəhbəri Brett Boydellin sözlərinə görə, bu layihə yaradıcı komandanın ustalığını nümayiş etdirməyə imkan verib, materialların keyfiyyəti və ən xırda detalların dəqiq işlənilməsi isə, belə tərtibatın təkcə lüks avtomobillərə deyil, bahalı yaxtalara da layiq olduğunu ortaya çıxarıb.
Yeri gəlmişkən, keçən ilin payızında oxşar layihəni alman avtomobil istehsalçısı olan Porsche şirkəti və Braziliyanın təyyarə istehsalçısı olan Embraer şirkəti təqdim ediblər - tərəfdaşlar 911 Turbo S sportkarı və Phenom 300E biznes təyyarəsindən ibarət olan cütlüyü yaradıblar.
Satışa yalnız 10 belə cütlük çıxarılacaqdır. Hər bir cütlüyün alıcısına eksklüziv baqaj dəsti və titandan korpusu olan xüsusi Porsche Design 1919 Globetimer UTC xronoqrafı hədiyyə ediləcəkdir. (c) Autograph.az