Bentley şirkəti özünün 100 illik yubileyi şərəfinə buraxılmış Bentley Centenary Opus kitabı barədə məlumat verib. Kitab 607 nüsxəlik tirajla buraxılacaq və onun ən bahalı variantı 200 min funt sterlinqə satılacaqdır. Qeyd etmək lazımdır ki, bu kitab Bentley Continental GTC modelindən bahadır.
Bentley nümayəndələrinin dünyanın ən ağır kitabı adlandırdığı Bentley Centenary Opus’da britaniya markasının keçən əsrin 20-ci illərində Le Man yarışlarındakı qələbələrindən, pərəstiş obyektinə çevrilmiş modellərdən, həmçinin şirkətin başlanğıcında duran insanlardan danışılır. Bentley Centenary Opus kitabının son bölməsi markanın gələcəyinə həsr edilib.
Kitab üç variantda buraxılacaqdır. Ən sadə Centenary Edition variantı 500 nüsxəlik tirajla çap edəcəkdir. Bu kitabın üzlüyü üçün dörd rəng variantında dəri təklif edilir. Sadə kitabın qiyməti üç min funt sterlinq olacaqdır. Mulliner Edition variantı əfsanəvi modellərin Polaroid ilə çəkilmiş şəkillərini, ipək kağızda akvarellə çəkilən 56 rəsmi, həmçinin 2003-cü ildə “Le Manın 24 saatı” marafonun qalibi olan Bentley Speed 8 modelinin təkərinin bir hissəsini və alüminiumdan qını özündə cəmləyir. Tirajı 100 ədəd olacaq Mulliner Edition’nın qiyməti 12500 funt sterlinqdir.
Nəhayət, kitabın ən bahalı variantı olan 100 Carat Edition’dan yeddi ədəd buraxılacaqdır. 200 min funt sterlinqə satılacaq kitab ümumi çəkisi 100 karat olan briliyantlarla bəzədiləcək, həmçinin ağ qızıl və ya platindən hazırlanmış Beltley loqotipinə sahib olacaqdır. Bu kitabın çəkisi 30 kiloqram təşkil edəcəkdir.