Bentley Continental modeli britaniyalı istehsalçının model cərgəsində xüsusi yerə malikdir. İlk dəfə Continental adı 1952-ci ildə R-Type Continental modelinin buraxılışı ilə Bentley markasının leksikonuna daxil olmuşdur. Britaniya istehsalçısının iddia etdiyinə görə, Continental dünyada ilk dəbdəbəli Grand Tourer avtomobili olmuşdur. Bu günlərdə Bentley Bakı Mərkəzinin təşkilatı dəstəyi ilə mənə əfsanəvi R-Type Continental modelinin davamçısı olan Continental GT modelini Almaniyada sınamaq imkanı əldə etdim.

Bentley markasından olan avtomobillərin reklama ehtiyacı olmadığı hər kəs bilir. Bu avtomobillər, necə deyərlər, “özləri özlərini satır”. Brendin imici, alman texnologiyası, yüksək kefiyyət, tam çəkiş sistemi və ən əsası da güclü mühərriklər – adı çəkilənlər hər bir zəngin və yüksək zövqə malik olan insanın tam arzuladığı kefiyyətlərdir. Bu səbəbdən də Bentley şirkətinin təşkil etdiyi tədbirin məqsədi bizi yenilənmiş Continental GT modelləri ilə tanış etmək idi.  

Xatırladaq ki, Continental GT modelinin yenilənmiş variantının kütləvi nümayişi 2015-ci ilin martında keçirilmiş Cenevrə avtosalonunda baş tutmuşdu. Yenilənmiş avtomobil yeni ön və arxa bamperə, ölçüləri kiçildilmiş radiator barmaqlığına və daha güclü formalı qanaqlara sahib olmuşdur. Bundan əlavə, avtomobilin təchiz edildiyi güc aqreqatları təkmilləşdirmələrə məruz qalmışdı.

Mənim fikrimcə, Bentley kimi güclü və sürətli avtomobillərin yeganə sınaq məkanı yalnız Almaniyadır. Bunun bir neçə  səbəbi vardır.  Birincisi, bu ölkədə limitsiz avtobanlar mövcuddur ki, bu avtobanlarda da avtomobilinizin texniki imkanı yol verdiyi və əsasən da cəsarətiniz çatdığınız qədər sürətlə idarə edə bilərsiniz.

Ikincisi, Almaniyada idarəetmədən əsil ləzzət alacağınız  ilan kimi qıvrılan ətraf yolları boldur. Doğrudur, Bentley’nin vətənində də istənilən qədər bu sayaq yollar mövcuddur, lakin orada maksimal sürət həddi 40 - 60 mil/saat arasındadır.

Bentley Continental GT V8 S. 21-düymlük ikirənli təkər diskləri avtomobilə xüsusi gözəllik bəxş edir

Bentley şirkətinin marketinq xidməti testlərin başlanğıc nöqtəsi olaraq Münhen hava limanını seçməsi təsadüf deyil - bu artıq ənənədir.  Bavariya torpağı özünün çoxzolaqlı və limitsiz avtobanları ilə məşhur olan bir məkandır. Münhenin hava limanının önündə bizi üç müxtəlif Contonental GT avtomobili gözləyirdi.

Bunlardan birincisi - Continental GT V8 S modifikasiyası, digəri - Continental GT W12 və nəhayət bu modelin ən “bərkgedən” variant olan Continental GT Speed Convertible Black Edition modifikasiyası idi. Mən ilkin olaraq V8 S modifikasiyasını sınamaq qərarına gəldim. Ən yaxşı üsul avtomobilləri mühərrikin güc artımına uyğun sıralayaraq sınaqdan keçirməkdir. Bentley Continental GT V8 S modifikasiyası 4,0-litrlik səkkiz silindirli turbomühərriklə təchiz edilir.

528 at qüvvəsinə və 680 Nm fırlanma anına malik olan güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışır. Bizim öhdəmizə verilən Continental GT V8 S modeli xüsusi  narıncı rəngə boyanmış və qara aksentlərlə bəzədilmişdir.

Görünən odur ki, britaniyalı mütəxəssislər avtomobilin eksteryerinin yenilənməsinə çox diqqətlə yanaşmışdırlar. Hiss olunur ki, dizaynerlər yenilənmədən öncə buraxılmış avtomobil sahiblərini də düşünmüşdürlər.  Bir sözlə kupe ənənvi formalarını qoruyub saxlamaqla bərabər daha cazibədar görkəmə malik olmuşdur.

Yenilənmədən sonra modelin təchizat siyahısına əlavə edilmiş yeni dizaynlı 20 və 21 düymlük təkər diskləri bu cazibədarlığın artmasına xidmət göstərir.

Qara rəngə boyanmış splitter, kandarlar, diffuzor və güzgü gövdələri fərdi sifariş əlaməntidir

Bizim test avtomobilinin interyerinin tərtibatında ağ rombşəkilli tikişləri olan qara dəridən və karbondan istifadə edilmişdi. Qeyd etmək lazımdır ki, yenilənmədən sonra avtomobilin interyerində elə də ciddi dəyişikliklər baş verməmişdir. Avtomobilin salonunda cazibədar dizayna malik olan sükan çarxı ən çox diqqət cəlb edən elementlərdən biridir. Yenilənmədən sonra bu sükan ötürmələri həyata keçirən daha iri sükanaltı ləçəklərlə təchiz edilir. Artıq bu ləçəklər vasitəsi ilə sürət qutusunun pillələrini dəyişmək daha rahat olmuşdur. Digər tərəfdən yenilənmiş cihazlar panelini, sensorlu ekranı olan multimedia sistemini və klimat-kontrol sisteminin idarəetmə blokunu göstərmək olar. Avtomatik sürətlər qutusunun selektorunun xromla işlənmiş dəstəyi isə özü bir sənət əsəridir.   

Əlbəttə, Continental GT modelinin dəbdəbəli eksteryer və interyerindən saatlarla danışmaq olar, lakin mənim kimi Continental GT pərəstişkarı olan bir insanı əsas maraqlandıran amillər dəri və karbon deyil, onun idarəetmə kefiyyətləri idi. İlk növbədə Bentley Continental GT V8 S modifikasiyasının buraxılış sisteminin möhtəşəm səsini qeyd etmək istərdim. Akseleratorun döşəməyə sıxılması V8 mühərrikinin insanı riqqətə gətirən səsi ilə müşayət olunur. Bu səsi sözlə təsvir etmək mümkün deyildir – onu canlı dinləmək, eşitmək gərəkdir.  528 at qüvvəsi anında hərəkətə gələrək avtomobilin irəli sıçramasını təmin edir. Səkkiz pilləli “avtomat” pillələri hiss edilmədən dəyişərək turbomühərrikin möhtəşəm fırlanma anını tam çəkiş vasitəsi ilə avtomobilin təkərlərinə vaxt itirmədən ötürür.

Qeyd etmək lazımdır ki, tam çəkiş sistemi fırlanma anını oxlar arasında arxa oxun xeyrinə 40:60 nisbətində bölür.  Avtomobilin sürətlənməsində ingilis lordlarına məxsus olan güc və təmkinlik vardır – bu sürətlənmə sportkarlarda olduğu kimi çılğıncasına deyil, sanballı şəkildədir. İstehsalçının məlumatına görə Bentley Continental GT V8 S modeli 100 km/saat sürətini 4,5 saniyəyə toplayır.  Onun maksimal sürəti isə 309 km/saata bərabərdir.

Arxa qanadların forması möhtəşəm gücdən xəbər verir

Mənim qarşımda qoyduğum ilk məqsəd avtomobili maksimal sürət həddinə çatdırmaq idi. Bildirmək istəyirəm ki, bunu həyata keçirmək realdır və sadəcə avtobanda boş zolaq tələb olunur. Lakin testlərin ilk günü hava şəraiti yağmurlu olduğu üçün, bu işi bir qədər sonraya keçirməli oldum. Hətta, belə bir qeyri-sabit hava şəraitində 190 – 200 km/saat sürəti ilə hərəkət etmək çox asan idi – Continental GT V8 S istiqamət sabitliyi nümayiş etdirirdi. Bir müddət sonra yolun boş olmasında istifadə edərək sürəti 220 km/saat həddinə çatdırmaq imkanı əldə etdim.

Almaniya avtobanlarında sol zolaq ötmələr və sürətli avtomobillər üçün nəzərdə tutulmuşdur. Adətən almanlar güclü avtomobillərə hörmətlə yanaşırlar və sol zolaqda olan sürücülər arxadan gələn sürətli avtomobili güzgüdə görən kimi dönmə işığını işə salaraq zolağı tərk edirlər. Lakin, sağ zolaqla hərəkət edən alman “ağsaqqalı” qəfildən bunun əksini etmək qərarını qəbul etdi və uzaqdan gələn sürətli avtomobili nəzərə almadan sol zolağa keçdi. Nəticədə isə mənə Continental’ın əyləc sisteminin necə işləməsini yoxlamaq nəsib oldu.

Əlbəttə, belə bir sürətli və çəkidə ağır avtomobili qəfil əyləcləmə ilə saxlamaq olar, amma yağışlı hava şəraitini də unutmamaq lazım idi. Xöşbəxtlikdən ara məsafəsi lazımi qədər, “Kontinin” əyləcləri isə gərək olan səviyyədə idi. Bir sözlə, alman “daydaya” siqnal vasitəsi ilə onun sürüş üslubu barədə “yağlı” bir mesaj da ötürmüş oldum. Əfsuslar olsun ki, bu hadisə alman “ağsaqqalları” tərəfindən  mənə qarşı edilən son ağılsız hərəkət olmadı. Bentley Continental GT modeli tənzimlənən pnevmatik asqı sisteminə malikdir ki, bu sistem dörd quraşdırılmış sərtlik səviyyəsindən birini seçmək imkanı verir. Şəxsən mənim ən çox üstünlük verdiyim səviyyə tam idman səviyyəsi oldu.

Sürət qutusunun idman rejimini də bura əlavə etsək, avtobanda olan sürətli döngələri qət etmək üçün ideala yaxın tənzimləmələri əldə etmiş olursunuz. Şəhər mühitində sürətlər qutusunu adi rejimə, asqını isə bir və ya iki pillə “yumşaltmaq” olar. Şəxsən mən bir pillə ilə kifayətləndim. Lakin, bir çoxları üçün asqının belə tənzimlənməsi sərt də görünə bilər. İstənilən halda “Konti” “drayva” üstünlük verən şəxslər üçün nəzərdə tutulmuşdur.   

Bentley Continental W12. Rəvan sürətlənmə və lordlara məxsus təmkinli davranış

Pnevmatik asqıdan söz düşmüşkən, onun tənzimlənməsi üçün nəzırdə tutulmuş düymədən danışmaq istərdim. Hesab edirəm ki, Bentley mütəxəssisləri bu sahədə erqonomik səhvə yol vermişdirlər. Asqının sərtliyini tənzimləmək üçün ilk növbədə mərkəzi tuneldə yerləşən düyməni basmaq lazımdır. Sonra isə multimedia sisteminin sensorlu displeyində olan virtual düymələr vasitəsi ilə rejimləri dəyişmək. Sözün açığı hərəkət zamanı bu sürücünün diqqətini ciddi şəkildə yayındırır. Digər bir maraqlı cəhət isə, sükanaltı dəstəklərin adət etdiyimizdən aşağı səviyyədə yerləşməsidir. İlk zamanlar narahatlıq yaratsa da, sonradan buna alışmaq olur.

Birinci günün proqramında baş çəkəcəyimiz şəhərlərdən biri də Rotenburq şəhəri idi. Burada bizi nahar fasiləsi gözləyirdi. Yeri gəlmişkən Bentley avtomobilləri şəhər sakinlərinin və çoxsaylı turistlərin diqqətini cəlb etməyi bacardı. Hətta onların arasında “gözəl avtomobiliniz var” deyənlər də, avtomobillə şəkil çəkdirmək istəyənlər də  tapıldı.

Nahar fasiləsindən sonra biz Fankfurt şəhərinə istiqamət götürdük. Bu dəfə marşrutumuz ilan kimi dolanan kənd və dağ yollarından keçirdi. Fikrimcə Continental GT modelinin idarəetməsindən həzz alınacaq əsil məkanlardan biri də elə bu sayaq yollardır. Almaniyda belə yollarda maksimal sürət həddi 100 km/saat təyin edilmişdir və çoxsaylı döngələr həqiqətən də istənilən avtomobilin idarələnməsinə qiymət verməyə köməklik göstərir. Sürətlənmə və əyləcləmə ilə müşayət edilən sürmə prosesindən həzz almamaq deyri-mümkündür. 

Bentley Continental GT Speed Convertible Black Edition. Bu automobil hər zaman diqqət mərkəzində olacaq

Testlərin ikinci günü Nürburqrinq avtodromuna baş çəkməyi nəzərdə tuturdu. Burada biz Bentley Motorsport komandasının iştirak etdiyi Blancpain GT Endurande Series çempionatının növbəti mərhələsini seyr edəcəkdik. Bu dəfə mən qırmızı rəngli Continental GT W12 modelini seçdim. Bildiyimiz kimi, yenilənmə prosesində on iki silindirli 6,0-litrlik mühərrik də təkmilləşdirilmələrə məruz qalmışdır. Yenilənmədən öncə bu mühərrik 575 at qüvvəsinə və 700 Nm fırlanma anına malik idi.  Aparılmış yenilənmə işlərindən sonra W12 mühərrikinin gücü 15 at qüvvəsi, fırlanma anı isə 20 Nm artırılmışdır. Nəticədə mühərrikin gücü 590 at qüvvəsinə, fırlanma anı isə 720 Nm-ə qədər yüksəldilmişdi.

Qeyd etmək istərdim ki, V8 S modifikasiyasına nisbətən W12 modifikasiyası daha rəvan sürətlənməyə malikdir. Səkkiz silindirli modifikasiyanın səsi də on iki silindirli varianta nisbətən daha gurultuludur - W12 mühərriki “kiçik qardaşından” fərqli olaraq daha alicənab səslənməyə malikdir. Bəlkə də bu səbəbdən məndə V8 S mühərriki ilə təchiz edilmiş modelin 12 silindirli modelə nisbətən daha intensiv şəkildə sürətlənməsi təssüratı yarandı.

İkinci gün havalar daha münasib idi və qarşımda qoyduğumuz məqsədə çatmaq üçün əlverişli şərait vardı. Frankfurtu tərk edib avtobana çıxan kimi asqını ən sərt rejimə, sürətlər qutusunu isə idman rejiminə keçirdim. Səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan W12 mühərriki şəxsi rekorduma imza atmaq üçün bütün imkanlara malik idi. Frankfurtdan Köln istiqmətində olan limitsiz avtobanların birində sürəti 250 km/saat həddinə qədər artırmış oldum.

Lakin bu dəfə bir daha, Mercedes-Benz A-class avtomobilinin yaşlı alman sürcüsünün təhlükəli manevri ilə üzləşməli oldum. Yüksək pilotaj məktəbində əldə etdiyim reaksiya və səriştə sayəsində qəzadan qurtulmuş oldum. Qəfil əyləcləmə avtomobilin arxa oxunun qısa sürüşməsi ilə nəticələnsədə, mən avtomobili sabitləşdirərək hərəkət istiqamətini bərpa edə  bildim.

Bu dəfə də Continental GT modelinin güclü əyləc mexanizmləri dadıma çatdı. Sözün düzü, uzunmüddətli təcrübəmdə alman sürücülərinin belə ehtiyatsız davranışına ilk dəfə rast gəlirdim.

Ötürmələri həyata keçirən iri sükanaltı ləçəklər yenilənmiş Continental modelinə məxsus elementdir

Bundan sonra Nürburqrinqə sərgüzəştsiz gəlib çatdım və avtodromda keçiriləcək tədbirdə iştirak etmək üçün Bentley Lounge’a yollandım. Yarışdan sonra hava limana yollanmaq üçün Conrinental GT ailəsinin ən “bərkgedən” modifikasiyası olan Continental GT Speed Convertible Black Edition modelini seçdim. “Bərkgedən” Continenetal GT Speed və GT Speed Black Edition modelləri də 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki ilə təchiz edilirlər. Yenilənmədən öncə bu mühərrik gücü 635 at qüvvəsinə və 820 Nm fırlanma anına malik idi. Artıq GT Speed modelinin sahibi 642 at qüvvəsindən və 840 Nm fırlanma anından yaralana bilər.  Belə möhtəşəm göstəricilərə malik güc aqreqatı da səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır. Sırıfadan 100 kilometr/saat həddinə avtomobil 4,1 saniyəyə sürətlənir. Bu əvvəlkindən 0,1 saniyə daha yeyindir. Bentley Continental GT Speed modelinin maksimal sürəti 331 kilometr/saata bərabərdir.

Modelin Black Edition variantını fənərlərin və yan şüşələrin haşiyəsi də daxil olmaqla qara rəngə boyanmış kuzov elementlərinə, 21-düymlük təkər disklərinə, həmçinin qara və ya qırmızı rəngə boyanan əyləc supportlarına görə seçmək olar. Bizim öhdəmizə verilmiş avtomobilin qırmızı rəngə boyanmış ön splitteri, arxa diffuzoru və kandarları var idi. Avtomobilin salonunun tərtibatında karbondan və qara rəngli dəridən istifadə edilmişdi. Bundan əlavə, interyerdə boz və qırmızı rəngli tikişlər, həmçinin qırmızı rəngli işləmələr mövcud idi.

Avtomobilin zahiri görkəmi qarşımda ciddi aparatın durduğundan xəbər verirdi. Belə yüksək potensiala malik olan avtomobili elə buradaca Nürburqinq trekində sınaqdan keçirmək pis olmazdı. Çox güman ki, bu barədə düşünən təkcə mən deyildim. Avtomobilin əyləc sisteminin zəif işləməsi ondan bundan öncə trekdə qonaqları əyləndirmək üçün istifadə edildiyindən, eyni zamanda bu prosesdə əyləclərin “öldürüldüyündən” xəbər verirdi. İstiqamət götürdüyüm Frankfurt yolunun müəyyən hissəsi avtobanlardan kənar yollara təsadüf edirdi. Elə bu yollardaca GT Speed Black Edition modelinin potensialını yoxlamaq lazım idi. Çünki naviqasiya sistemi avtobanda sıxlıq olduğunu tez-tez mənə xatırladırdı.

Continental GT Speed Convertible Black Edition test etdiyim V8 S və W12 modifikasiyaları ilı müqayisıdı daha sərt asqıya və daha iti sükan tənzimləmələrinə malik idi. Bir sözlə, döngələrlə bol olan yollarda avtomobilin idarələnməsi daha dəqiq və xoşagələn idi. Digər modifikasiyalara nisbətən GT Speed modelinin sürətlənməsi də daha güclü və intensiv idi. Əlbəttə, əlavə 52 at qüvvəsi və 120 Nm heç az göstərici deyil.

Həqiqətən də, bir müddət sonra avtobana çıxdıqda yüksək sıxlığın şahidi oldum. Əlbəttə ki, yüksək sürətlə hərəkətdən söhbət belə ola bilməzdi. Bir müddət hətta 30-40 km/saat sürəti ilə də getmək məcburiyyətində qaldığım anlar da oldu. Bu zaman avtomobil axında olan qonşularımın mənim avtomobilimi süzdüyünün, hətta bəzilərinin baş barmağını qaldıraraq seçimimi bəyəndiklərinin də şahidi oldum.

Bentley Continental GT modelləri ilə olan sərgüzəştlərim Frankfurt hava limanının biznes dayanacağında sona çatdı. Bu iki test günüdən sonra “bu üç modifikasiyadan hansını seçərsən?” sualına dəqiq cavabım da var. Mənin seçimim Bentley Continental GT V8 S-dir!

Bu testlər mənim üçün aydın olan bir faktı bir daha təsdiq etmiş oldu – avtomobil nə qədər bahalı, nə qədər nadir olsa da, ona sahib olduqdan bir müddət sonra adiləşir və artıq bunu labüd bir hal kimi qəbul edirsən.

Hətta, bu avtomobil Bentley Continental GT Speed Black Series olsa belə…

Bakı-Münhen-Frankfurt-Bakı

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt