Britaniya brendi müntəzəm olaraq öz modellərinin xüsusi tərtibatı və təchizatı ilə seçilən məhdud tirajlı nəşrlərini buraxır. Bu il şirkət Bentayga Extended Wheelbase krossoverinin və Continental GTC kabrioletinin eksklüziv Huntsman Edition versiyasını hazırlayıb. Hər iki model üzərində Mulliner atelyesinin mütəxəssisləri ilə yanaşı, Jack Barclay Bentley diler mərkəzi və Londonun əfsanəvi Sevil Rou küçəsində yerləşən Huntsman atelyesinin ustaları çalışıb.

Huntsman atelyesi hər iki avtomobilin salonu üçün Mulliner tərəfindən həyata keçirilən xüsusi tərtibat variantlarını hazırlayıb. Yeni tərtibatın seçilən xüsusiyyətləri dördguşəli Huntsman ulduzu olan karbon qarası rəngində parça və interyerdəki şan şəklində çarpaz tikmələrdir.

Atelyenin loqotipi və “H” hərfi formasındakı naxış oturacaq başlıqlarına və qapı kandarlarındakı lövhələrə həkk edilib, açar qutusu isə tvidlə işlənib və Huntsman loqosu ilə bəzədilib.

Azure təchizatına əsaslanan Bentayga EWB Huntsman Edition versiyası tünd qırmızı kuzov rəngi, xrom dekoru, kuzov rəngində 22 düymlük on milli təkər diskləri və modifikasiyanı göstərən kuzov rəngli nişanları ilə seçilir. Salon tərtibatında Piano Damson şponu, Huntsman tvidi, Damson və Portlend dərisindən istifadə edilir. 

Tviddən ötürmələr qutusunun dəstəyinin, qapı kartlarındakı ciblərin, saxlanc yerlərinin və tutacaqların, habelə Mulliner atelyesinin hazırladığı arxa oturacaqdakı yastıqların üzlənməsində istifadə olunur. Bundan əlavə, modelin təchizatına çoxlu tənzimləmələri olan rahat Airline Seat Specification oturacaqları daxildir. 

Continental GTC Speed Huntsman Edition modeli təzadlı qara dekoru olan Blackline paketi, parlaq qara 22 düymlük onqollu təkər diskləri və tutqun açıq boz rəngli kuzovu ilə seçilir.

Salon Damson və Portlend dərisi ilə işlənir, oturacaqlarda, saxlama yerlərində və hətta sükan çarxının tərtibatında tviddən istifadə olunur. Dekorativ panellər Piano Porpoise və Galaxy Stone materiallarının birləşməsindən hazırlanır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ancaq bu hamısı deyil! Hər iki versiyaların sahibləri Huntsman atelyesində eksklüziv gödəkçə tikdirmək üçün sertifikat alacaqlar. Xüsusi Bentley avtomobillərin sahibləri ölçmə aparmaq və gödəkçənin hazırlanacağı parçanı seçmək üçün Sevil Rouya dəvət olunacaqlar. Bentayga EWB Huntsman Edition və Continental GTC Speed Huntsman Edition modellərinin hər biri beş nüsxədə buraxılacaqlar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.