Bentley şirkətinin Mulliner bölməsinin eksklyuziv avtomobil üzərində işlədiyi barədə məlumat peyda olub. İnsayderlər bu avtomobilin EXP 100 GT konseptinin motivləri əsasında yaradılmış açıq kuzovlu qrand turer olduğunu iddia edirlər. Eksklyuziv avtomobilin W12 mühərriki ilə təchiz ediləcəyi də söylənilir.

Autocar nəşrinin bildirdiyinə görə, ekslklyuziv barketta çox kiçik tirajla buraxılacaqdır: 12 nüsxəlik tirajla istehsal olunacaq avtomobillərdən hər birinin qiyməti 1,5 milyon funt sterlinq təşkil edəcəkdir. Barkettanın eksteryeri Bentley markasının 100 illik yubileyi şərəfinə hazırlanmış Bentley EXP 100 GT konseptini xatırladacaqdır. Zahiri görkəm ilə yanaşı, barketta konseptdə tətbiq edilən unikal tərtibat materiallarına da sahib olacaqdır. Buna misal kimi, torf bataqlıqlarından alınmış ağacı və şərabçəkmənin izafi qalıqlarından hazırlanan parçanı göstərmək olar.

Qiymətinə və tirajına görə eksklyuziv Bentley əsas model xəttindən ayrı dayanacaqdır. Lakin, texniki cəhətdən barketta Bentley Continental GT modeli ilə bənzər olacaqdır. Avtomobil 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən W12 biturbomühərriki və 8-pilləli ZF “robotu” ilə təchiz ediləcəkdir. Ötürmə, çox güman ki, tam çəkişli olacaqdır.

Barkettanın dama ehtiyacı olmadığı üçün, eksklyuziv avtomobilin Continental GT modelindən zirək olacağı gözlənilir. Xatırladaq ki, Bentley Continental GT modeli 100 km/saat həddinə sürətlənməyə 3,7 saniyə sərf edir və 333 km/saat maksimal sürət həddinə malikdir.