İnanmıram ki, balı sevməyən insan olsun. Məsələn, səhər-səhər çörəyin üzərinə yağ-bal çəkib keyflə qəlyanaltı etməyin öz ləzzəti var. Hələ səhər yeməyini Gəncədə edirsənsə, yuxa-qaymaq-bal triosu gününzün xoş keçməsini təmin edəcəkdir.
Yəqin ki, Bentley şirkətində də səhər tezdən gəncəsayağı qəlyanaltını sevirlər ki, arıçılıqla məşğul olmaq qərarına gəliblər. Bir müddət bundan öncə, dəbdəbəli avtomobillər istehsalçısının Kryu şəhərində iki arı səbətini quraşdırdığı barədə bildirmişdik. Bu məqsəd ilə, hətta Bentley 120 min arıya qulluq edəcək təcrübəli mütəxəssisləri də işə cəlb edib.
Bu günlərdə Bentley şirkəti arı səbətlərindən ilk məhsul topladığını ərz edib. Şirkətin bildirdiyinə görə, bir arı səbətinin məhsuldarlığı 30 kq olub və toplanılan bal 100 şüşəyə paylaşdırılıb. Yeri gəlmişkən, bal şüşələrinin üzərinə vurulan etiketi markanın interyer dizaynına cavab verən Luiza MakKallum hazırlayıb. Toplanmış balın bir hissəsi şirkətin əməkdaşlarına paylanıb, digər hissəsi isə, “arı şəhərciyinə” baş çəkəcək qonaqlar üçün saxlayıb.
Bentley şirkəti bu prosesdən çox məmnun olduğunu bildirərək, arı səbətlərinin sayını artıracağını bəyan edib. Allah işinizi avand etsin!