Bu gün Bentley şirkəti maraqlı bir videotizer dərc etmişdir. Bu videoçarxda Bentley modelləri arasında mövcud olan ən ekstremal avtomobilin 6 yanvar tarixində təqdim ediləcəyi bildirilmişdir. Bir çoxları bu sirli avtomobilin Bentley Continental GT modelinin yeni nəslinin olduğunu da düşünə bilərlər, lakin təsdiq edilməmiş məlumata görə, yeni nəsil Continental GT modeli bu ilin yayında təqdim ediləcəkdir.
Bəs o zaman söhbət hansı modeldən gedir? Videoçarxdan da göründüyü kimi, “ən ekstremal Bentley” karbondan hazırlanmış və baqaj qapağının üzərində sərt şəkildə bərkidişmiş antıqanadla, tündləşdirilmiş işıq texnikası, kapotun üzərində olan xüsusi havalandırma girişləri, xüsusi formalı yan kandarlarla və iri təkər disklərinin qolları arasından seçilən qırmızı supportlarla təchiz edilmişdir. Çox güman ki, qarşımızda duran bu sirli avtomobil Bentley Continental GT Supersports modelidir. Əgər ehtimalımız doğrudursa, bu o deməkdir ki, Bentley şirkəti GT Speed modelinin daha sürətli variantını hazırlamışdır. Çox güman ki, ən ekstremal Bentley qarşımıza 6,0-litrlik on iki silindrli mühərrikin gücü 633 at qüvvəsinin üzərində olan variantı ilə çıxacaqdır.