Dəbdəbəli lyuks avtomobillər istehsalçısı olan Bentley şirkəti yeni Flying Spur V8 S modelini təqdim etmişdir. Yeni model Flying Spur ailəsində V8 və flaqman modeli olan W12 arasında yer alacaqdır. Avtomobil gücü 21 at qüvvəi artırılaraq 528 at qüvvəsinə yüksəldilən ikiqat turbokompressorlu 4,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Müqayisə üçün qeyd edək ki, Flying Spur V8 modelinin mühərrikinin göstəriciləri 507 at qüvvəsi və 680 Nm fırlanma anı təşkil edir. Artırılmış güc sayəsində avtomobil saatda 100 kilometr sürətini 4,9 saniyəyə toplayır ki, bu da V8 modelində olduğundan 0,3 saniyə daha yeyindir. Bentley Flying Spur V8 S modelinin maksimal sürəti 306 km/saat təşkil edir.
Mühərrik və sürətlər qutusunun yenilənmış ayarları sayəsində avtomobil qarışıq dövrdə 100 kilometrə 10,9 lit yanacaq sərf edir ki, bu da ona dolu yanacaq çəni ilə 837 kilometr məsafə qət etmək imkanı verir. Flying Spur V8 S modeli həmçinin təkmilləşdirilmiş asqı sistemi ilə təchiz edilmişdir. Yenilənmiş asqı avtomobilin idarəedilməsini yaxşılaşdırmaqla yanaşı onun komfortuna xələl gətirməmişdir.
Yeni modelin eksteryerindəki dəyişiklər cüzi xarakter daşısa da Flying Spur V8 S modelinə dəbdəbəli zahiri görkəmlə bərabər «idmançı» xüsusiyyətləri də bəxş edir. Dəyişikliklər qara rəngə boyanmış radiator barmaqlığının torundan, əyləc mexanizmlərinin qırmızı rəngli dəstəklərindən və Beluga rənginə boyanmış arxa diffuzordan ibarətdir. Bundan əlavə, avtomobil 20-düymlük xüsusi dizaynlı diskləri və arxa dayaqda yerləşdirilmiş V8S yazısı ilə seçilir.
Daha parlaq obraz yaratmaq istəyən insanlar rəngi tündləşdirilmiş elemetlərdən istifadə edə bilərlər. Bu elementlərin siyahısına tündləşdirilmiş arxa və ön fənərlər, qara rəngə boyanmiş yan güzgülərin korpusları və Mulliner Driving dəstinə daxil olan qara rəng və xromla örtülmüş 21-düymlük nadir disklər daxildir.
Avtomobilin interyerinin tərtibatı da onun eksteryerinə uyğun təşkil edilmişdir. Sedanın standart təchizatına Piano Black dekorativ işləmələri, üç qollu sükan çarxı, sürətlər qutusunun riflənmiş dəstəyi və sükanaltı ötürmə dəstəkləri daxildir. Əlbəttə ki, Bentley salonun tərtibatında heç zaman sifarişçini məhdudlaşdırmır - istehsalçı avtomobilin gələcək sahibinin istənilən arzusunu yerinə yetirməyə hazırdır. Təki fantaziyanız bol olsun.
Bentley Flying Spur V8 S modelinin rəsmi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtomobil salonunda keşiriləcəkdir.