Hazırkı üçüncü nəsil Bentley Flying Spur sedanı 2019-cu ildə debüt edib və o vaxtdan bəri dəfələrlə modernləşdirilib və yenilənib. Sonuncu restaylinq iki il əvvəl keçirilib və istehsalçı onu yeni, dördüncü nəsil kimi təqdim edib, baxmayaraq ki, xarici dəyişikliklər o qədər də geniş olmayıb.
Bu arada, qohum Bentley Continental GT kupe və kabrioleti daha əhəmiyyətli dizayner yenilənmələrini əldə ediblər, indi isə, bu yenilənmələr sedana da qismət olub. Bundan əlavə, yenilənmiş xarici görünüşlə yanaşı, Flying Spur hibrid güc aqreqatı ilə təchiz edilən təkmilləşdirilmiş S versiyasını da alıb.
İki qapılı Continental GT modellərindən sonra, Flying Spur sedanı da əvvəlki “dördgözlü” ön hissənin əvəzinə “kirpikləri” olan yeni oval faralara sahib olub. Yenilənmiş Flying Spur sedanının1962-ci ildən bəri tək faraları olan ilk Bentley sedanı olduğu da xüsusilə vurğulanır. İşıqlandırma texnikası ilə yanaşı, avtomobilin ön hissəsində yeni barmaqlıq və bamper peyda olub.
Arxa hissədə dəyişdirilmiş baqaj qapağı və arxa fənərlərin LED doldurulması var. Kuzov rəngləri çeşidinə yaşılımtıl çalarlı sürməyi Dark Teal rəngi əlavə edilib. Əlavə ödəniş qarşılığında Azure və S versiyalarını yenilənmiş dizaynı olan 22-düymlük təkər diskləri ilə təchiz etmək mümkündür.
Yenilənmiş Bentley Flying Spur S versiyası High Performance Hybrid benzin-elektrik güc aqreqatı ilə təchiz edilir. 4.0-litrlik V8 biturbo mühərriki və səkkiz pilləli iki muftalı avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərriki ümumilikdə 680 at qüvvəsi və 930 Nm hasil edirlər.
Bu, əvvəlki nəsil ilə müqayisədə hasilatın 130 at qüvvəsi və 160 Nm artması deməkdir. 100 km/saat həddinə sürətlənmə 3,7 saniyə çəkir, maksimal sürət isə, 307 km/saatdır. Tam idarələnən şassi tam ötürmə sistemi, habelə iki klapanlı amortizatorlar və aktiv stabilizatorlaru olan pnevoasqı ilə təchiz olunub. Arxa oxda elektron idarələnən məhdud sürüşməli diferensial quraşdırılıb.
Flying Spur S zahiri cəhətdən daha sadə sedanlardan genişləndirilmiş Blackline dəsti ilə fərqlənir. Yan güzgü qapaqları və kandar genişləndiriciləri qara Beluga rənginə boyanırlar. Hətta işıq texnikası da tüündləşdirilir, obrazı isə, idman versiyasının adını daşıyan nişanlar və buraxılış sisteminin cütlənmiş çıxış boruları tamamlayır.
Yenilənmiş Bentley Flying Spur sedanlarına artıq öncədən sifarişlərin qəbuluna başlanılıb, lakin onların qiyməti hələlik açıqlanmayıb. Seriya avtomobilləri bu ilin dördüncü rübündə alıcılara çatdırılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









