Ötən il qəbul olunmuş Beyond100 strategiyasına əsasən, Bentley şirkəti 2030-cu ilə qədər tamamilə elektrik ötürməsinə keçməlidir. Lakin ilk batareyalı modelin debütü 2025-ci ildən tez baş tutmayacağı üçün,Bentley şirkəti hələlik hibridlər ilə məşq edir.
Məlum olduğu kimi, Bentley Bentayga krossoveri iki il əvvəl Hybrid versiyasına sahib olub. İndi isə növbə ikinci modelə gəlib çatıb – dünən Bentley Flying Spur Hybrid sedanı onlayn keçirilən tədbirdə təqdim edilib. Yeri gəlmişkən, bu tədbirə dəvət alanların arasında dərgimiz də var idi.
Flaqman sedanının güc aqreqatı Bentayga krossoverindən deyil, Bentley Flying Spur sedanının eyni platformanı bölüşdüyü Porsche Panamera modelindən götürülüb. Xatırladaq ki, Porsche markası Panamera 4 E-Hybrid modifikasiyasını beş il əvvəl, 2016-cı ildə təqdim edib. Öz növbəsində, ingilis mühəndislər hibrid aqreqatını nəzərəçarpacaq dərəcədə güclü ediblər.
Kapotun altında, Panamera modelində olduğu kimi, 2,9-litrlik V6 biturbo mühərriki yerləşir. Porsche modelində bu aqreqat 330 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edirsə, Flying Spur modelində onun hasilatı 416 at qüvvəsi və 550 Nm-ə qədər artırılıb.
136 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılmış səkkiz pilləli preselektiv “robot” da eynidir. Nəticədə hibrid sistem hasilatı 544 at qüvvəsi və 750 Nm təşkil edir. Panamera modelində bu göstəricilər 462 at qüvvəsi və 700 Nm-dir.
Baqaj bölümünün döşəməsinin altında yerləşən 14,1 kilovat-saatlıq litium-ion dartma batareyası da Porsche modelindən götürülüb. Sırf elektrik ötürməsi ilə Flying Spur hibridi WLTP dövrünə əsasən 40 kilometrə qədər məsafə qət edə bilər. Hibrid sedanın maksimal yürüş ehtiyatı isə 700 kilometri keçir.
Hərəkət elektronikası EV Drive rejimi ilə yanaşı, Hybrid və Hold presetlərinə də malikdir. Sonuncu rejim dartma batareyasındakı cərəyanın səviyyəsini qorumaq üçün lazımdır – bu, elektrik rejimində "son mili" rahatlıqla qət etməyə imkan verəcəkdir.
Hibrid sedanı Flying Spur çeşidindəki ən ağır modifikasiyadır: onun boş çəkisi 2505 kiloqramdır. Müqayisə üçün, V8 mühərrikli Flying Spur 2330 kiloqram, W12 mühərriki ilə hərəkətə gələn flaqman isə 2437 kiloqramdır.
Müvafiq olaraq, bu üçlükdə ən təvəzökar dinamik xüsusiyyətlərə malik olan da hybrid sedandır. Flying Spur Hybrid modelinin 100 km/saat həddinə sürətlənməsi 4.3 saniyə (müvafiq olaraq 4,1 və 3,8 saniyəyə qarşı) çəkir. Onun maksimal sürəti isə 285 km/saatdır (müvafiq olaraq 318 və 333 km/saata qarşı).
Vizual olaraq, hibrid sedan benzin versiyalardan yalnız ön qanadlardakı “Hybrid” emblemləri və arxa qanadda, altında elektrik yükləmə girişinin gizləndiyi əlavə lyuk ilə fərqlənir. Salondakı hibrid əlamətləri mərkəzi tuneldəki hərəkət rejimlərinin dəyişdirilməsi düyməsindən və media sisteminin menyusundaki əlavə bölmələrdən ibarətdir.
Hibrid sedanı üçün əsas bazarlar Avropa və Çin olmalıdır. Bildiyimiz kimi, "kiçik" mühərrik Çinə idxal zamanı gömrük rüsumunu əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Hibrid sedanların tədarükünə bu ilin sonunda başlanacaqdır. Daha sonra, Bentley Continental kupe və kabrioletləri də hibrid versiyalara sahib olacaqdırlar.
Yeri gəlmişkən, onlayn keçirilən tədbirdə Bentley şirkətinin başçısı Ərdiən Hollmark başqa bir maraqlı xəbəri paylaşıb. Britaniya markası Şotlandiyanın viski istehsalçısı olan Macallan şirkəti ilə əməkdaşlığa başlayıb.
Tərəfdaşlar müəyyən məhsulların və yeni layihələrin birgə hazırlayacaqlarını bildirir və "avtomobili idarə edərkən içməməyi" məsləhət görürlər. Əcəba, Bentley avtomobillərini gözlənildiyindən daha tez pilotsuz nəqliyyata keçmək niyyətindədirmi?
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.