Əlbəttə ki, dəbdəbəli sedan sahibinin onun sükanı arxasında əyləşməsi bir qədər moveton görünə və ətrafdakılar sizi bu avtomobilin sahibi kimi deyil, onun sürücüsü kimi qəbul edə bilərlər. Lakin, elə sedanlar mövcuddur ki, onun sükanı arxasında əyləşərək idarə etmək ətrafdakılarda qibtə hissindən başqa bir hiss yaratmayacaqdır.
Belə bir avtomobil, dəbdəbənin və möhtəşəmliyin nümunəsi olan Bentley Flying Spur sedanıdır.
Ümumiyyətlə, binayi-qədimdən Bentley avtomobilləri daha çox sürücüyə ünvanlanmış avtomobillər sayılır. Misal üçün, Bentley şirkətinin model cərgəsində olan Continental GT kupesi ən çox sevdiyim avtomobillərdəndir. Bu avtomobil insana nəinki onu əhatə edən dəbdəbədən həzz almağa, eyni zamanda idarəetmədən də ləzzət olmağa şans verir. Mən əbəs yerə Continental GT kupesini xatırlamadım. Əslində Flying Spur modelinin sükanı arxasında özünü beş metrlik mötəşəm sedanın deyil, Gran Turismo kupesinin sukanı arxasında olduğu kimi hiss edirsən - salondakı güzgüdən arxaya baxmasan dörd qapılı sedanda əyləşdiyini belə unudursan.
Əslində belə bir hissin yaranmasında idarəetmə xarakteristikaları ilə yanaşı avtomobilin ön panelinin də payı yüksəkdir - Flying Spur modelinin ön paneli Bentley Continental GT kupesində gördüyümüzdən heç nə ilə fərqlənmir.
Bentely Flying Spur V8S modelinin qabarit uzunluğu 5299 millimetr, eni - 1924 millimetr, hündürlüyü - 1488 millimetr, təkər bazasının uzunluğu isə 3066 millimetr təşkil edir
Üstəlik, bu sedanın kapotunun altında yerləşən dörd litrlik iki turbokompressorlu V8 mühərriki bu hissiyatı bir qədər də gücləndirir.
Bildiyimiz kimi, Flying Spur iki növ V8 mühərriki və bir W12 aqreqatı ilə təchiz edilir. Bunlardan birincisi 508 at qüvvəsi və 660 Nm fırlanma olan mühərrikdir. İkinci mühərrik 528 at qüvvəsi və 680 Nm fırlanma anı olan V8S indeksli güc aqreqatıdır. Nəhayət Bentley şirkətinin tarixində ən sürətli sedanı sayılan Flying Spur W12S modeli 635 at qüvvəli və 820 Nm frılanma anı olan 6,0-litrlik turbomühərrikə sahibdir. Söhbətimizin bu günki qəhrəmanın kapotunun altında 528 at qüvvəli mühərrik gizlənmişdir.
Yeri gəlmişkən bu tanışlıq adı çəkilən güc aqreqatı ilə mənim ilk tanışlığım deyil - saytımızı izləyənlər onu Continental GT modelinin testlərindən xatırlamalıdırlar.
«Uçan mahmız» yeni salınmıs fransız kvartalında şütüyür
Eyni mühərrikin, ölçüləri kupe kuzovlu modeldən böyük, çəkisi isə artıq olan sedanda özünü necə aparacağı mənim üçün çox maraqlı idi.
Mühərriklərin yuxarıdakı texniki xüsusiyyətlərinə baxsanız, adi V8 mühərriki ilə V8S variantı arasında 20 at qüvvəsi və 20 Nm fırlanma anı olduğunu görmüş olarsınız. Bir çoxları belə artımın cüzi və o qədər də əhəmiyyətsiz olduğunu iddia edə bilərlər. Mübahisə etmək istəməzdim, amma gəlin bü güc aqreqatları ilə təchiz edilmiş avtomobillərin dinamik xüsusiyyətlərinə nəzər salaq. Bentley Flying Spur V8 modelinə 100 km/saat həddinə sürətlənməyə 5,2 saniyə tələb olunursa, V8S indeksli sedan bu işə 4,9 saniyə sərf edir. Digər bir müqayisə: V8S modifikasiyasının maksimal sürət həddi 308 km/saat təşkil edir. V8 variantı isə, 300 km/saatlıq həddini aşa bilmir və 295 km/saat maksimal sürətə malikdir.
Xırda bir məsələ olsa da, S indeksli modelin sahibinə avtomobili ilə qürurlanmağa tam hüquq verir.
Rəvan və güclü sürətlənmə V8 mühərrikinin möhtəşən səsi ilə müşayət olunur
Əgər iki avtomobil arasında fərqin bununla bitdiyini fikirləşirsinizsə, yanılırsınız.
Zahiri cəhətdən V8S modifikasiyasını qara rəngə boyanmış radiator barmaqlığından, ön bamperdəki hava girişlərini yarıya bölən «qanadlardan», içərisi qara xromla örtülmüş ön fənərlərdən, xüsusi 20-düymlük iki rəngli disklərin milləri arasından görünən qırmızı rəngli əyləc supportlarından və «Beluga» rənginə boyanmış arxa diffuzordan tanımaq olar.
Avtomobilin salonunda da iki rəngli dəri ilə tərtibat, Piano Black dekorativ ağac işləmələri, üç qollu sükan çarxı, sürətlər qutusunun riflənmiş dəstəyi və sükanaltı ötürmə dəstəkləri standart olaraq təklif edilir.
Sükan arxasında iri sedanı idarə etdiyini unudursan
Texniki cəhətdən də dəyişikliklər mövcuddur.
Bentley mühəndisləri pnevmatik asmanın xarakteristikalarını daha idmanyönümlü etmiş, stabilizasiya sisteminin proqramını yenidən işləmişdirlər. Artıq stabilizasiya sistemi təkərlərin az da olsa yerində fırlanmasına göz yumur. Eyni zamanda, sistem aktivləşdikdən sonra mühərrikin darma qüvvəsi daha tez bərpa olunur. Yeri gəlmişkən idarəetmədə «idman» ahəngi hiss olunsa da, bu hissiyat rahatlığa heç bir ziyan vurmamışdır.
Əsasən də arxa oturacaqda səyahət edən zaman tam rahatlığın nə demək olduğunu açıq-aydın hiss edirsən.
Arxa oturacaqda səyahət zamanı yüksək kefiyyətli Nailm səs sistemin kristal kimi təmiz səslənməsindən həzz ala bilərsiniz
«Uçan mahmızın» («Flying Spur» ingiliscədən belə tərcümə olunur) salonunun səs izolyasiyası ideal səviyyədədir.
Bu salonda yeganə eşitmək istədiyiniz səs V8 mühərrikinin baritonudur ki, Bentley mühəndisləri sizi bu səslə gen-bol təmin etməyə nail olmuşdurlar.Təəccüblü olsa da, bu belədir. Adi hərəkət rejimində nə mühərrikin nə də ətrafda cərəyan edənlərin səsi salona daxil olmur. Lakin, akselerator pedalına sonuna kimi basmaq kifayətdir ki, sedanın rəvan və güclü sürətlənməsi səkkiz silindrli mühərrikin möhtəşəm simfoniyası ilə müşayət olunsun.
Qulağa süzülən bu «musiqini» həmişə eşitmək istəyirsən.
Öndə 405 millimetrlik, arxada isə 355 millimetrlik havalandırmalı əyləc mexanizmləri ani dayanmanı təmin edir
Sedanın təchiz edildiyi tam çəkiş sistemi onu daha çox arxadan çəkişli avtomobillərə xas olan xüsusiyyətlərlə təmin edir. Bu sistem standart olaraq arxa oxun xeyrinə fırlanma anının 40:60 nisbətində bölünməsini təmin edir. Bununla yanaşı, ehtiyac olduqda fırlanma anının 85% arxa oxa ötürülə də bilər. Doğrudur, belə bir xarakteristikalara malik olan sedanla başı alovlu şəkildə virajlara girmək istəyi də yarana bilər.
Ancaq, nəhəng sedanın trek avtomobili olmadığını və tamamilə başqa təyinat üzrə yaradıldığnı xatırlatmaq istərdim.
Uzunluğu beş metrin, çəkisi iki tonun üzərində olan sedanın təyinatı sahibinin iş günlərində arxa otucaqda rahat səfərlərini təmin etmək, həftəsonunda isə ön oturacağa əyləşərək idarəetmədən həzz alması üçün şərait yaratmaqdır.
Səkkiz silindrli mühərrik ZF firmasının məhsulu olan 8-pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Nə qədər də qəribə görünsə 4.0-litrlik mühərrik 10,9 litr yanacaq sərfiyyatına malikdir. Bunun əsas səbəbkarı yenilənmiş ZF «avtomatıdır»
Bentley sedanlarının salonundakı dəbdəbədən danışmağa ehtiyac varmı? Məncə dərc edilmiş şəkillərə baxmaq kifayətdir ki, bu sedanın sahibini əhatə edən dəbdəbə səviyyəsini müşahidə edəsən. Hərçəndi fotoşəkillər reallıqdan bir qədər uzaq ola bilərlər.
Bir də ki, Bentley kimi lyuks seqmentində avtomobillər təklif edən bir istehsalçının öz müştərilərinə təklif etdiyi imkanlar yalnız sonuncuların fantaziyası ilə məhdudlaşır.
Əlbəttə ki, britaniyalı istehsalçı hər zaman xüsusi seçilmiş və ən yüksək kefiyyətli dəri, ağac və metallardan istifadə edir. Həm vizual cəhətdən, həm də toxunuşla sizi əhatə edən interyerin dəbdəbə saçdığından əmin ola bilərsiniz.
Bentley Flying Spur modelinin yeganə irad tutacağım elementi onun multimedia sistemidir. Continental GT kupesində olduğu kimi, sedanın da multimedia sistemi bir qədər sadə təsir bağışlayır.
Flying Spur müasir göydələnlərin fonunda belə möhtəşəmliyini itirmir
Yenilənmiş interfeys bu sistemi müsairləşdimsəyə çalışsa da, istifadəçinin həyatını istənilən qədər asanlaşdırmır. Bunun əsas səbəbi avtomobilin yaradıldığı platformadadır. Bu platforma bir çox müasir sistemlərin tətbiqini çətinləşdirir ki, bu da Bentley mühəndislərinin qarşısında sədd yaradır.
Məlumdur ki, Volkswagen konserninin D1 platformasında hazırlanmış Bentley Flying Spur modeli 2005-ci ildə işıq üzü görmüşdür. Bu günə qədər model yenilənmlərə məruz qalmışdır. Aparılmış yenilənmələr sayəsində avtomobili çatışmayan cəhətlərdən tamamilə azad olmuşdur.
Mənim fikrimcə, Bentley Flying Spur V8S modelinin əsas alıcı kütləsi 35 - 50 yaş arasında olan və fəaliyyətlərindəböyük uğurlar qazanmış insanlardır. Təəccüblənmək lazım deyildir - Flying Spur bəzilərinin düşündüyü kimi 55 - 60 yaşlı insanların təmsil edildiyi alıcı kütləsini deyil, əksinə, daha cavan və iddialı olan gənc insanları hədəfə almış bir avtomobildir.