Bentley şirkətinin Sidney nümayəndəliyi və Mulliner bölməsi 2020-ci ildə “Baterstanın 12 Saatı” dözümlülük yarışında qazanılan qələbənin xatirəsinə iki xüsusi Continental GT S modelini hazırlayıb. Xatırladaq ki, üç il bundan əvvəl Bentley Team M-Sport komandasının 7 nömrəli Continental GT3 yarış kupesinin heyəti (Gounon, Pepper və Soulet) 12 saatlıq marafonda qalib gəlmişdi.
Odur ki, Bentley Sydney və Mulliner atelyesi Continental GT S modifikasiyasının Avstraliyadakı satışlarının başlanmasını, xüsusi olaraq hazırlanmış iki kupe ilə qeyd etmək qərarına gəliblər. Hər iki avtomobil stilistik cəhətdən yarış Continental GT3 kupesini xatırladır və fərdiləşdirmənin mövcud olan geniş imkanlarını nümayiş etdirir.
İlk kupe Continental GT3 liveriyasının rənginə yaxın olan yaşıl Apple Green rənginə boyanıb. Dam, yan güzgülərin korpusları və kuzovun aşağı perimetri boyu quraşdırılmış aerodinamik kuzov dəsti qara Beluga rəngə (Blackline və Styling Specification paketləri) boyanıb.
Barmaqlıqdakı yeddi rəqəmi “Bathurst 12 Hour” yarışının qalibinə işarə edir. Daxili tərtibat üçün Dinamica mikrofiberi və qara dəridən istifadə olunur. İnteryerdəki maraqlı detallar arasında başlıqlardakı “Bathurst” tikmələri və adı çəkilən trekin ön panelin sərnişin tərəfindəki hissəsinə çəkilmiş sxematik təsviri var.
İkinci Continental GT S yalnız rənginə görə fərqlənir. Burada ikinci nəsil Continental GT3 (2017) kupesindən ilhamlanan gümüşü Silver Tempest çalarından istifadə edilib. Hər iki avtomobil 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4.0-litrlik V8 turbomühərriki ilə təchiz olunur.
Standart avadanlıqların siyahısına 48 voltluq elektrik mühərrikləri olan aktiv stabilizatorlar və idman buraxılış sistemi daxildir. Hər bir xüsusi kupe ilə birlikdə Continental GT3 yarış kupesinin 1:18 miqyaslı modeli də gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.