Bentley markası qədim ənənələri davam etdirən avtomobil istehsalçılarından biri olsa da, britaniya markası da başqa istehsalçılar kimi elektrik dövrünə hazırlaşır. Hal-hazırda Bentley markasının model xəttində yeganə elektrikləşdirilmiş model hibrid aqreqatlı Bentayga krossoveridir.
Bentley şirkətinin satış və marketinq sahəsinə cavabdeh olan idarə heyətinin üzvü Kris Kraft 2023-cü ilə qədər britaniya markasının bütün modellərinin hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildirib. Eyni zamanda, Kraft markanın ilk elektrokarının 2025-ci ildə debüt edəcəyini də söyləyib.
Bentley Hybrid Concept (2014)
Elektromobil barədə məlumat olmasa da, Kraft onun “firmanın gələcəyinin böyük bir parçası” olduğunu söyləyib. Hazırda elektromobillərin bazarda kiçik paya malik olmasına baxmayaraq, gələcəkdə bu sektorun genişlənəcəyi heç kimdə şübhə doğurmur. Kris Kraft lyuks avtomobil alıcılarının 30 faizdən çoxunun elektromobillərlə maraqlandığını bildirib.
Kraft hazırlanmaqda olan hibrid avtomobillər barədə ətraflı məlumat verməsə də, elektrikləşəcək avtomobillər arasında Continental GT, Flying Spur və Mulsanne modellərinin yer alacağı ehtimalı yüksəkdir.
Xatırladaq ki, Bentley Bentayga Hybrid modeli tərkibinə 2,9-litrlik V6 biturbomühərriki və generator rolunu oynayan elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğunun hasilatı 462 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edir. Avtomobilin litium-ion batareyasını məişət elektrik şəbəkəsindən doldurulmasına 7,5 saat gərəkdir. Elektrik ötürməsi ilə krossover 50 km məsafə qət edir.