Bentley şirkəti Mulliner atelyesinin yeni eksklüziv idman avtomobilini hazırladığını bəyan edib. 2022-ci ilin yayında unikal kuzovlu eksklüziv modellərin istehsalı ənənəsini canlandıran açıq kuzovlu Bentley Mulliner Bacalar idman avtomobilinin debütündən sonra, Britaniyanın dəbdəbəli avtomobil istehsalçısı yeni əl işini - Bentley Mulliner Batur kupesini təqdim etmişdi.
Model brendin ən güclü seriya avtomobili kimi mövqeləndirilir, lakin belə görünür ki, 2024-cü ildə onu taxtından endirəcək yeni model peyda olacaq - Mulliner bölməsinin nöbvəti layihəsi istehsala getməyə hazırdır.
Müasir dövrün üçüncü eksklüziv Bentley avtomobilinin “Mulliner atelyesinin hər bir hörmətli müştərisinin istəklərinə uyğunlaşdırılmış əsl fərdi avtomobillər yaratmaq üzrə qədim ənənəsini davam etdirdiyi” bildirilir.
Yeni avtomobil “eksklüziv Bentley ailəsinin son nümayəndəsi” kimi xarakterizə edilir ki, bu da brendin məhdud saylı idman avtomobil proqramının sona çatdığına işarə edə bilər. Tizerlərə əsasən, avtomobil unikal kuzova sahib olacaq, lakin onun açıq və ya bağlı olacağı hələlik məlum deyil.
Eksklüziv sportkarın tirajının 16 nüsxə ilə məhdudlaşacağı və onların hər biri şirkətin əfsanəvi W12 mühərrikinin ən güclü versiyası ilə təchiz edilən sonuncu Bentley avtomobillərdən biri olacağı məlumdur.
Nəzərə alsaq ki, Batur modelinin kapotunun altındakı 6,0-litrlik W12 biturbo mühərriki 750 at qüvvəsi hasil edir, yeniliyin təxminən 800 at qüvəsinə sahib olacağı ehtimal edilir. Bütün detallar çox yaxında açıqlanacaqlar - avtomobilin təqdimatı mayın 7-nə planlaşdırılıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.