Yaxın beş il ərzində Bentley şirkətinin istehsal etdiyi hər bir model, məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatı ilə təchiz edilmiş modifikasiyada təklif ediləcəkdir. «Autocar» dərgisinin yazdığına görə, bu barədə məlumatı Automotive News World Congress konfransında dəbdəbəli avtomobillər istehsalçısının rəhbəri Volfqanq Durhaymer vermişdir.
Böyük ehtimalla ilk hibrid modifikasiyasına malik olan modellər Continental GT ailəsinə daxil olan avtomobillər olacaqdır. «Autocar» dərgisinin məlumatına əsasən, Bentley Continental GT modeli Porsche Cayenne SE Hybrid modelindən tanış olan 416 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Bu aqreqatın tərkibinə 333 at qüvvəli 3,0-litrlik kompressorlu altı silindrli mühərrik, 95 at qüvvəli elektrik mühərriki və 10Ş8 kilovat-saatlıq litium-ion batareyalar dəsti daxildir.
2018-ci ildə hibrid güc aqreqatını Bentley markasının ilk krossoveri olan Bentayga modeli əldə edəcəkdir. Sonra isə, tədricən digər modellər də hibrid modifikasiyalarla təklif ediləcəkdirlər. Bentley markasından olan ilk hibrid 2014-cü ildə təqdim edilmişdir. Bu 6,75-litrlik iki tubokompressorlu səkkiz silindrli mühərrik və batareyalar dəsti ilə təchiz edilmiş bayraqdar Mulsanne sedanı olmuşdur. Yalnız elektrik ötürməsindən istifadə etməklə bayraqdar sedan 50 kilometr məsafə qət etmək iqtidarında idi.
Bentley şirkətinin marketoloqları ənənəvi DYM ilə yanaşı hibrid modifikasiyaların təklif edilməsinin markanın satışlarını 25 faiz artıracağını və atmosferı atılan zərərli tullantıların səviyyəsinin 70 faiz azaldacağını bildirmişdilər.