Unikal kuzovlu eksklüziv modellərin istehsalı ənənəsini canlandıran Bentley Mulliner bölməsi, Bacalar barkettasının ardınca yeni eksklüziv avtomobilini - Bentley Mulliner Batur kupesini təqdim edib. Eksklüziv kupe təkcə Bentley dizaynında inqilabın başlanğıcını təmsil etmir, o həm də brendin tarixindəki ən güclü seriya avtomobildir. Mulliner Batur kupesinin tirajı 18 nüsxə ilə məhdudlaşıb ki, bu da 12 nüsxədə buraxılmış Mulliner Bacalar modelinin tirajından bir yarım dəfə çoxdur.
Bentley Mulliner Batur kupesinin görünüşü üzərində Britaniya markasının baş stilisti Andreas Mindt və Continental GT, Flying Spur və Bentayga ailələrinin dizayn DNT-sində inqilab edən komandası işləyib. Qeyd etmək gərəkdir ki, yeni dizayn üslubu Britaniya markasının gələcək elektromobillərində tətbiq olunacaqdır.
Yeni modelin xarakterik xüsusiyyətləri uzun kapot, daha aşağıda və daha şaquli şəkildə quraşdırılmış radiator barmaqlığı, yeni formalı ön və arxa fənərlərdir. Hər bir avtomobilin inşası bir neçə aylıq əl işi tələb edir və alıcılar avtomobilin tərtibatını, o cümlədən ən xırda detalları seçmək imkanına malik olacaqlar.
Mulliner Batur üçün, xüsusi olaraq, yeni 22-düymlük təkər diskləri, eləcə də karbonplastikdən ekoloji cəhətdən daha təmiz olan yeni Natural Fiber materialı yaradılıb. Bundan əlavə, interyerin tərtibat üçün, istehsalı zamanı daha az karbon-dioksidi ayrılan Şotlandiyadan gətirilmiş dəri, İtaliyadan gətirilmiş ekoloji təmiz dəri, zamşaya bənzər süni Dinamica materialı və təkrar emal eedilmiş iplikdən hazırlanmış unikal xalçalar təklif olunur.
İnteryerin dekorativ elementləri titandan və ya 3D printerdə çap olunmuş 18 karatlıq qızıldan hazırlana bilər.
Mulliner Batur kupesi, eyni zamanda, Bentley markasının tarixindəki ən güclü W12 mühərrikini alıb. Benzin mühərriki yeni giriş sistemi, təkmilləşdirilmiş turbokompressorlar, yeni interkulerlər və yenidən proqramlaşdırılmış idarəetmə bloku ilə fərqlənir. Nəticədə 6,0-litrlik aqreqatın hasilatı 740 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edir.
Güc aqreqatı 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Titandan hazılrlanmış buraxılış sistemi, eyni materialdan 3D printerdə çap edilmiş ucluqları alıb. Kupe adaptiv üçkameralı pnevmatik asqı ilə təchiz edilir. Pnevmatik asqı dörd rejimə malikdir - Sport, Bentley, Comfort və Custom. Məlum məsələdir ki, belə sistem avtomobili daha rəvan gediş və dəqiq idarəetmə ilə təmin edir.
Drive Dynamics Control sistemi 48 voltluq köndələn dayanıqlılıq stabilizatorları vasitəsilə kuzovun yana əyilmələri ilə mübarizə aparır, yüksək sürtünməli elektron diferensial (eLSD) isə, yol səthi ilə daha yaxşı ilişməni və dartma qüvvəsinin səmərəli bölüşdürülməsini təmin edir.
Dartma vektoruna nəzarət və karbon-keramik əyləc mexanizmləri standart təchizata daxildirlər. Əyləc mexanizmləri öndə 440 millimetrlik disklərə və 10-porşenli supportlara, arxada isə 410 millimetrlik disklərə və dörd porşenli supportlara malikdirlər.
Bentley Mulliner Batur modeli cəmi 18 nüsxədə inşa ediləcək və onların hər biri Böyük Britaniyanın Kru şəhərindəki zavodda əl ilə yığılacaqlar. Eksklüziv kupenin qiyməti vergilər və əlavə avadanlıq nəzərə alınmadan 1,65 milyon funt sterlinq təşkil edir. Bütün avtomobillər artıq satılıb - ilk avtomobillərin müştərilərə çatdırılmasına 2023-cü ilin ortalarında başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.