Bentley Mulliner atelyesi fərdiləşdirmə proqramına artan maraqdan danışıb və hazırladığı bir neçə yeni opsiyanı təqdim edib. Bunlara havavalandırma sisteminin 18-karatlıq qızılla örtülmüş tənzimləyiciləri və açıq məsaməli şponun üç variantı daxildir. Cəmi on ay əvvəl Mulliner mininci avtomobilini sahibinə çatdırmışdı. Hazırda xüsusi sifarişlə hazırlanmış avtomobillərin sayı 1350 nüsxəyə çatıb.

Son iki il ərzində Mulliner atelyesinə edilmiş müraciətlərin sayı 200% artıb, və hazırda Bentley gündə orta hesabla müxtəlif fərdiləşdirmə səviyyəsinə malik olan üç avtomobili istehsal edir. Maraqlıdır ki, bu müddət ərzində müştərilərin ehtiyacları da dəyişib. Əgər əvvəllər adətən iki opsiya sifariş edilirdisə, indi yeddi opsiya seçilir.

Eyni zamanda, Bentayga sahiblərini daha çox kuzovun eksklüziv boyanması, Flying Spur sifarişçilərini - şpon variantları, Continental GT alıcılarını isə, məsələn, karbondan kuzov dəsti kimi xüsusi sifarişlə hazırlanmış detallar maraqlandırır.

Ötən yay Mulliner daha bir əlamətdar hadisəni - 1000-ci avtomobilin buraxılışını qeyd edib. On aydan sonra isə, daha üç yüz əlli avtmobil sifarişçilərə təhvil verilib. Ən son layihə “kosmik” Bentayga Speed krossoveri olub.

Florida ştatının Orlando şəhərindəki Bentley dilerinin sifarişi ilə yaradılmış bu krossover yaşıl çaları olan tünd-boz Cypress rənginə boyayaraq, qara rəngli Blackline Specification dekoru və narıncı haşiyələri ilə bəzəyiblər. Ön panel Galaxy Stone kvarsit şisti ilə üzlənib, kandarlara isə Günəş sisteminin təsviri olan metal örtmələri vurulub.

Ancaq bu, xarici və daxili dekorun çoxlu sayda mümkün birləşmələrindən yalnız biridir - onların Mulliner Personal Connissioning Guide kataloqundakı sayı on milyardlarla ölçülür. Məsələn, uzun təkər bazası olan Bentayga EWB modelində - 24 milyard, Continental GT kupesində isə, 17 milyard birləşmə var.

Buraya müxtəlif dizaynlı təkər diskləri, saysız-hesabsız interyer dekoru və oturacaq üzlükləri, tikmə və basma naxışlar, habelə genişləndirilmiş palitrada kuzov boyaları kimi fərdiləşdirmə opsiyaları daxildir.

Onların arasında ən qədimi ötən əsrin 30-cu illərinə aid olan tarixi çalarlar var. Söhbət Derbi adlanan dövrünün (1933-1940-cı illər arasındakı dövr) boz Dove Grey rəngindən gedir.

Bu boya ilə yanaşı, atelyenin genişləndirilmiş palitrasına Claret (2000-ci illərin əvvəllərində xüsusi olaraq II Yelizavetanın iki Bentley State Limoousine sedanı üçün yaradılıb), Old English White (XX əsrin 50-ci illərinə aiddir - onu məsələn, pərəstiş obyektinə çevrilmiş R-Type Continental modelində görmək olar) və Oxford Blue (1960-cı illərdə yaradılmış) çalarları daxildir.

Mulliner kataloquna əlavə edilmiş ən son opsiya, müharibədən əvvəlki Bentley avtomobillərini xatırladan, havalandırma  sisteminin 18-karatlıq qızılla örtülmüş düymələridir. Onlar ilkin olaraq, Continental GT Number 9 Edition kupesinin imtiyazı idi, lakin indi bu opsiyanı istənilən model üçün sifariş etmək olar.

İkinci yenilik, ağacın təbii naxışını vurğulayan, ultranazik (adi 0,5 əvəzinə 0,1 millimetr) tutqun lak təbəqəsi ilə örtülmüş açıq məsaməli şponun genişləndirilmiş siyahısıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət. Mulliner Personal Connissioning Guide kataloqu artıq gələcək layihələrin əsas kimi istifadə ediləcək doqquz baza dizaynını ehtiva edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.