Maraqlıdır ki, Bentley Mulsanne modelinin sürücüyə ünvanlanmış variantı da mövcuddur. Sürücü yerində əyləşərək bu iri sedanı şəxsən idarə etmək istəyən şəxslərə Mulsanne Speed modeli ünvanlanmışdır. Adi Mulsanne Signature sedanından fərqli olaraq Speed modifikasiyası dah güclü mühərrikə sahibdir.
Bentley Mulsanne 537 at qüvvəsi və 1100 Nm fırlanma anı olan 6¾-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Güc aqreqati 8-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə sedanı 4,9 saniyəyə 100 km/saat həddinə kimi sürətləndirir. Avtomobilin maksimal sürəti 305 km/saat təşkil edir. Gördüyünüz kimi, Signature modelinə nisbətən Speed əlavə 25 at qüvvəsinə və 80 Nm fırlanma anına malikdir.
Üstəlik Speed 100 km/saat sürətinə adi sedandan 0,4 saniyə daha yeyin sürətlənir. Əlbəttə ki, sürücüyə ünvanlanmış avtomobil kimi, Bentley Mulsanne Speed daha sərt asqıya və dəqiq sükan idarəetməsinə malikdir. Almaniyadakı testlər zamanı mən məxsusi olaraq Mulsanne Speed modelini sürücü yerində sınamaq qərarına gəldim. Mənim üçün bu iri sedanın sürücü avtomobili kimi özünü necə aparacağı maraqlı idi.
Qeyd etməliyəm ki, iri ölçülərinə baxmayaraq Speed modifikasiyasının sükanı arxasında həqiqətən də çox güclü avtomobildə olduğunu hiss edirsən. Doğrudur, iri sedandan idman kupesi xarakteristikalarını tələb etmək ən azından axmaqlıq olardı.
Bununla belə, alman avtobanlarında və sonra isə döngələrlə bol olan ensiz yollarda Mulsanne Speed ona etinasız yanaşılacaq bir avtomobil olmadığını sübut etdi.
Mulsanne Speed sedanının ən xoşuma gələn cəhəti də onun güclü və rəvan sürətlənməsi oldu.
Dar yolların birində öndə gedən yük avtomobilini ötmək lazım idi və qarşıdan gələn nəqliyyat vasitəsi ilə bu əməliyyatı keçirmək üçün minimal məsafə vardı. Artıq sükan arxasına keçdiyim andan Drive Dynamics Control sistemi Sport rejimində idi və sedan hər an güclü sıçrayışa hazırdı.
Sükanı sola döndərərək akselerator pedalına sonuna kimi döşəməyə «möhürləyirəm», möhtəşəm sürətlənmənin labüd nəticəsi olaraq arxada oturan həmkarımın «vau» qışqırmasının şahidi oluram.
Yəqin limitsiz avtobanda Mulsanne Speed modelinin nələrə qadir olduğu barədə danışmaq mənasız olardı - avtomobil yüksək sürətlərdə inanılmaz sabitlik göstərirdi. Zahiri cəhətdən Mulsanne Speed modelini bir neçə element sayəsində ayırd etmək mümkündür.
Bunlar radiator barmaqlığının şaquli xəttləri arxasında olan qara rəngli toru, həmçinin ön bamperdəki hava girişlərinin də qara rəngə boyanmış torudur. Tündləşdirməyə məruz qalmış digər elementlərdən biri də ön fənərlərdir. Nəhayət, Mulsanne Speed modelinin beşqollu təkər diskləri qarşınızda hansı modifikasiyanın dayandığından əminliklə xəbər verir.
Bentley Mulsanne Speed modelinin interyeri də özünəməxsus cizgilərə malikdir - buna oturacaqlar və qapı panellərindəki rombşəkilli tikişləri misal çəkmək olar.
Berlindəki testlərdə Mulsanne modelinin ən dəbdəbəli və möhtəşəm modifikasiyası olan EWB (Extended Wheelbase), yəni uzun bazalı variantı da vardı. Bentley Mulsanne EWB modeli dünyanın ən güclü və sərhədsiz imkanları olan şəxslərinə ünvanlamış bi avtomobildir. Mulsanne EWB sahibinin həsəd aparacağı yeganə avtomobil Mulliner bölməsinin hazırladığı Mulsanne Grand Limousine ola bilər.
Adi sedanlarla müqayisədə Mulsanne Extended Wheelbase variantı 250 millimetr uzadılmış təkərlərarası bazası sayəsində arxa oturacaqda səyahət edən sərnişinlərə maksimal rahatlıq təklif edır. Mən testlərin final hissəsini uzun bazalı Mulsanne modelində səyahət etməklə başa vurdum. Həqiqətən də bu modelin arxa hissəsində olan məkan genişliyi və xüsusi oturacaqlar sərnişinlərə geniş rahatlıq imkanları təklif edir.
Siz arzuladığınız an otaracağı rahat «çarpayıya» da çevirə bilərsiniz. Bentley Mulsanne EWB modelinin geniş məkanla yanaşı yüksək komfortu təmin edən pnevmatik asqısı sayəsində istənilən məsafəyə rahatlıqla səyahət etmək olar.