Dəbdəbəli luks avtomobil istehsalçısı olan Bentley şirkəti Mulsanne sedanının yeni nəslini təqdim etmişdir. Yüksək ixtisaslı mütəxəssislərin əl əməyindən istifadə edərək yığdıqları flaqman modeli, tarixində ilk dəfə olaraq, hər biri nadir xüsusiyyətlərə malik üç müxtəlif variantda təklif ediəcəkdir. Artıq dəbdəbə aşiqləri Mulsanne, Mulsanne Speed və Mulsanne Extended Wheelbase variantlarından birini seçə biləcəklər. Misal üçün,, Mulsanne Extended Wheelbase variantı 250 millimetr uzadılmış təkərlərarası bazası sayəsində arxa oturacaqda səyahət edən sərnişinlərə maksimal komfort təklif edır. Mulsanne Speed modeli isə, adından da göründüyü kimi, sürət aşıqlərinə ünvanlanmışdır.
Yeni Bentley Mulsanne modelinə nəzər saldıqda, ilk növbədə paslanmayan poladdan hazırlanmış şaquli elementlərdən ibarət və eni 80 millimetr artırılmış radiator barmaqlığını görmək olar. Şaquli elementlər 8 Litre (1930-cu il), Embricios və R-Type Continental modellərinə ithaf edilmişdir.
Bu elementlərin arxasında Bentley avtomobillərinə xas olan barmaqlıq yerləşdirilmişdir. Lakin, yeniliklər təkcə radiator toru ilə məhdudlaşmır - avtomobil sələfindən tamamilə yeni ön kapot, qanadlar, işıq diodlarından hazırlanmış ön fənərlər, qabaq və arxa bamperlərlə fərqlənir.
Avtomobilin iç məkanı da müəyyən dəyişikliklərə məruz qalmışdır. Bunlar yeni formaya malik olan oturacaqlar, qapıların haşiyələri və dirsəkaltı dəstəkləri, həmçinin şüşədən hazırlanan nadir dəyişdirici açarlardır. Yeni flaqmanın interyerinin tərtibatı üçün 24 çalara malik olan yüksək kefiyyətli dəridən,13 növ şpondan, cilalanmış poladdan, şüşədən və uzun xovlu xalılardan istifadə edilir.
Bundan başqa, yeni Bentley Mulsanne müasir texnologiyalarla da təchiz edilmişdir. İlk növbədə, 8-düymlük sensorlu ekrana, 60 Gb-lıq sərt diskə və yeni naviqasiya texnologiyalarına malik olan multimedia sistemini qeyd etmək lazımdır. Avtomobilin avadanlıq siyahısına üç rejmə - Town (şəhər), Country (şəhərkənarı) və Motorway (avtomagistral) rejiminə malik olan uzaq işıqlandırma köməkçisi, kor zonalara nəzarət sistemi, toqquşmaların qarşısını alan avtomatik stabilləşdirmə sistemi daxil edilmişdir.
Bentley Mulsanne modelinin təchizatına 18 dinamikli və 19 kanallı, 2200 vatt gücü olan Naim for Bentley Premium Audio yüksək kefiyyətli səs sistemi daxildir.
Arxa oturacaqların sərnişinləri üçün 10,2-düymlük planşet kompyüterləri nəzərdə tutulmuşdur. Android ƏS ilə çalışan planşetlər qabaq oturacaqların söykənəcəklərində quraşdırılmış xüsusi yuvalarda yerləşdirilmiş ki, düyməyə bir toxunuşla bu planşetləri üzə çıxaran mexanizmləri işə salmaq olur.
4G İnternetlə, Wi-Fi və Bluetooth modulları ilə təchiz edilmiş planşetlər Skype, Google Play və Spotify kimi əlavələrdən istifadə etmək imkanı yaradır.
Bu planştlərdən nəinki avtomobildə, həmçinin ofis və evdə də istifadə etmək olar. İnternetə, internet-radio və axın videosuna qoşulmaq avtomobildə quraşdırılmış Wi-Fi və 4G modulu sayəsində mümkündür.
Bentley Mulsanne 512 at qüvvəsi və 1020 Nm fırlanma anı olan 6¾-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqati 8-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə sedanı 5,3 saniyəyə 100 km/saat həddinə kimi sürətləndirir. Avtomobilin maksimal sürəti 296 km/saat təşkil edir. Bentley Mulsanne Speed variantının mühərriki 537 at qüvvəsinə və 1100 Nm fərlanma anına malikdir. Avtomobil saatda 100 kilometr sürətini 4,9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 306 km/saatdır.
Təbii haldır ki, Kryudan olan mütəxəssislər avtomobilin şassisi üzərində ciddi şəkildə çalışmışdırlar.
Mühəndislər mühərrikin aktiv dayaqlarını və asqının bir sıra elementlərini yeniləmiş, eyni zamanda avtomobili Mulsanne modeli üçün xüsusi hazırlanmış şinlərlə təhciz etmişdirlər. Avtomobil Bentley, Sport, Comfort və Custom rejimlərinə malik pnevmatik asqı sistemi və 20-düymlük təkər distləri ilə standart olaraq təchiz edilir. Bundan əlavə, müştərilər 21-düymlük diskləri (Mulsanne Speed variantı üçün standart olan) də sifariş etmək imkanına malikdirlər.
İstehsalına 400 saat vaxt tələb edilən Bentley Mulsanne modelinin kütləvi nümayişi mart ayının ilk günlərində fəaliyyətinə başlayacaq Cenevrə avtomobil salonunda keçiriləcəkdir.