Bentley-nin ilk tam elektrikli modeli Torcal bazara çıxmamış böyük maraqla qarşılanıb. Şirkət 2027-ci il üçün nəzərdə tutulan bütün istehsal kvotalarını artıq müştərilər arasında bölüşdürüb. İndi sifariş verənlər avtomobillərini yalnız 2028-ci ildə əldə edə biləcəklər.

Bentley-nin baş direktoru Frank-Ştefen Valizer “Automotive News” nəşrinə Torcal-ın istehsalının 2027-ci ilin ilk yarısında başlanacağını bildirib. Şirkət ilkin mərhələdə neçə avtomobil istehsal edəcəyini açıqlamasa da, Torcal-a olan tələbatdan razıdır.

Volkswagen Group-un Premium Platform Electric (PPE) arxitekturasında hazırlanan Torcal, texniki baxımdan Porsche Cayenne Electric ilə yaxındır. ABŞ bazarında modelin başlanğıc qiyməti 222 495 dollardır. Torcal S versiyası 262 695 dollar, First Edition isə 300 995 dollardan təklif olunur.

İlkin sifarişlər arasında ən çox marağın daha güclü Torcal S versiyasına olduğu bildirilir. Valizerin sözlərinə görə, yeni model Bentley markasına əvvəllər sahib olmayan və daha gənc müştəriləri də cəlb edir. Bu isə şirkətin bu elektromobillə yeni alıcı auditoriyasına çıxmaq planına uyğundur.

Maraqlıdır ki, bəzi müştərilər fərdiləşdirmə seçimlərinə ciddi vəsait xərcləyirlər. Bentley rəhbərinin açıqlamasına görə, əlavə avadanlıq və xüsusi sifarişlər hesabına bəzi avtomobillərin qiyməti 300 min funt sterlinqi, yəni təxminən 396 min dolları keçir. Halbuki Böyük Britaniyada baza versiyasının qiyməti 173 300 funt sterlinqdən başlayır.

Bentley Torcal-ın istehsalına hazırlıq mərhələsində İngiltərənin Kru şəhərindəki zavodun modernləşdirilməsinə 463 milyon dollar sərmayə qoyub. Bununla belə, şirkət yeni elektrik krossoverini Bentayga-nın əvəzi kimi görmür. Hər iki model markanın çeşidində paralel mövcud olacaq.

Qeyd edək ki, Bentley-nin qlobal satışları 2026-cı ilin yanvar-sentyabr aylarında 17,5 faiz azalaraq 5 970 avtomobil təşkil edib. Şirkət yeni elektrik modelinin bu göstəricilərin yaxşılaşmasına kömək edəcəyinə ümid bəsləyir.

Maraqlıdır ki, Torcal-ın uğuru elektromobil satışlarının zəiflədiyi bir dövrə təsadüf edir. Bir çox istehsalçı elektrik modellərinə tələbatın azalmasından danışdığı halda, Bentley-nin ilk elektromobilinə belə böyük maraq göstərilməsi diqqət çəkir. Bu nəticədə markanın nüfuzu və lüks seqmentin xüsusiyyətləri də mühüm rol oynayır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə  mümkündür.