Bentley şirkəti özünün 100 illik yubileyini eksklyuziv modelin buraxılışı ilə qeyd edəcəkdir. Böyük ehtimalla, məhdud sayda buraxılacaq avtomobil, Bentley Continental GT modelinin bazasında inşa ediləcəkdir. “Yubiley” avtomobilinin mart ayında keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəyi gözlənilir.
Dərc edilmiş fotoşəkil vəvideoçarxdan göründüyü kimi, yubiley avtomobilləri kuzovun tünd-yaşıl rəngi və radiator barmaqlığında həkk edilmiş “9” rəqəmi ilə seçiləcəkdirlər. Bu nömrəyə malik olan Blower Bentley “Le Manın 24 saatı” yarışlarında çıxış edərək, 1930-cu ildə dövrə rekorduna imza atıb. Bundan başqa, “doqquz” rəqəmi 100 illiyin illərini (1919-2019) də təmsil edə bilər.
Yüz illik yubileyin qeyd edilməsi çərçivəsində, Bentley şirkəti, markanın tarixi və gələcəyi barədə söhbət açan kitabı da buraxacaqdır. Bu kitabda əsas diqqət, keçən əsrin 20-ci illərində “Le Manda” əldə edilmiş qələbələrə, pərəstiş mənbəyinə çevrilmiş modellərə və markanın yaradılmasında iştirak etmiş şəxslərə yönəldiləcəkdir.
Bentley Centenary Opus nəşri üç variantda buraxılacaqdır: Mulliner, Centenary və Crewe. İlk iki kitab böyük formatda çap ediləcək, sonuncu isə, daha yığcam ölçülərə malik olacaqdır.