Bentley şirkəti bu gün işinə start verilmiş Pekin avtosalonunda çinli ziyarətçilərə yeni nəsil Mulsanne sedanının üç müxtəlif avtomobildən ibarət model xəttini nümayiş etməklə yanaşı, bu sedanların bazasında yaradılmış First Edition adlı məhdud seriyanı təqdim etmişdir. Xüsusi seriya Mulsanne, Mulsanne Speed və Mulsanne Extended Wheelbase modifikasiyalarından istifadə edilərək 50 ədəd tirajla buraxılacaqdır.
Bentley Mulsanne First Edition modelini adi sedanlardan fərqləndirən başlıca xüsusiyyəti, qabaq oturacaqların kürək hissəsində quraşdırılmış açılan masalarda yerləşdirilmiş təmiz gümüşdən hazırlanmış bahalı fərdi ləvazimatdır. Mulliner şirkətinin şifarişi ilə Asprey zərgərlik firması tərəfindən hazırlanmış fərdi ləvazimatın tərkibinə güzgü, daraq və saç fırçası daxildir.
Bu ləvazimat Mulliner atelyesi tərəfindən xüsusi olaraq hazırlanmış açılan masanın gizli bölməsində yerləşdirilmişdir. Bundan əlavə, First Edition modifikasiyasının salonunda açılan masaların üzərindəki ümumi mərkəzli naxışları, avtomobilin kandarlarına vurulmuş xüsusi lövhələri və avtomobilin oturacaqlarının üzərindəki Britaniya bayrağının formasındakı tikişləri də görmək olar.
Bentley Mulsanne First Edition seriyasindan olan hər bir avtomobilin kapotu üzərində xüsusi «B» emblemi quraşdırılacaqdır. Pekində nümayiş olunan Mulsanne Extended Wheelbase First Edition modelinin salonun tərtibatında dalğavari naxışları olan Fulback şponundan istifadə edilmişdir ki, bu şpon da nadir tapilan və qiymətli 350 illik qoz ağacından hazərlanmışdır.
Bu ağac hərraclarda indiyə kimi açıqlanmayan rekord qiymətə satılmışdır. Bentley şirkətinin əldə etdiyi ağacdan hazırlanmış şpon ancaq məhdud sayda avtomobil üçün kifayət etmişdir.
Qalan First Edition avtomobillərinin tərtibatında isə nadir Antique Ash şponundan istifadə ediləcəkdir.