Bentley şirkəti, Britaniya pop-art üslubunun banisi və məşhur The Beatles rok-qrupunun Sgt. Pepper’s Lonely Hearts Club Band adlı səkkizinci albomunun üz qabığının yaradıcısı olan ser Piter Bleyk ilə birlikdə Continental GT V8 Convertible modelinin xüsusi modifikasiyasını hazırlamışdırlar. Art Car indeksını almış unikal kabrioletin kuzovunun aşağı hissəsi yaşıl rəngə, yuxarı hissəsi mavi rəngə, radiator barmaqlığının haşiyəsi isə çəhrayı rəngə boyanmışdır. Bundan başqa, avtomobilin sarı rəngə boyanmış kapotunun üzərində əl ilə qırmızı rəngli ürək işarəsi çəkilmişdir.
Rəng müxtəlifliyi mövzusu kabrioletin salonunda da davam etdirilmişdir. Hər bir oturacaq özünəməxsus rəngə malikdir. Oturacaqların örtülməsində yaşıl, tünd göy, qırmızı və şabalıdı rəngli dəridən istifadə edilmişdir. Avtomobilin salonunda dördrəngli sükan çarxına, sürətlər qutusunun çəhrayı dərili dəstəyinə və qara lakla örtülmüş işləmələrə rast gəlmək olar. Bundan başqa, kabriolet xüsusi qapı kandarlar və Piter Bleykin imzası tikilmiş dörd ədəd oturacaq başlığı ilə təchiz edilmişdir.
Bentley Continental GT V8 Convertible Art Car modeli 520 at qüvvəsi və 680 Nm fırlanma anı olan iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir. Kabriolet həmçinin səkkiz pilləli avtomatik sürətlər qutusu və tam ötürməli çəkiş sistemi ilə təchiz edilmişdir.
Nadir avtomobil 24 iyunda Qudvudda keçiriləcək sürət festivalında təşkil olunacaq hərracda satılacaqdır. Əldə edilən vəsait Care2Save xeyiriyyə fonduna köçürüləcəkdir.