2022-ci ilin yayında unikal kuzovlu eksklüziv modellərin inşası ənənəsini canlandıran Bentley Mulliner bölməsi Bacalar rodsterinin ardınca Bentley Mulliner Batur kupesini təqdim edib. Markanın əl ilə yığılacaq ən güclü seriya modeli 18 nüsxəlik tirajla buraxılacaqdır. Britaniya istehsalçısı ilin sonuna qədər eksklüziv kupenin “sıfır” nömrəli nüsxəsinin ictimai yollardakı sınaqlarına başlamalıdır. Belə sınaqlarda Bentley Mulliner Batur kupesinin iki seriyaöncəsi versiyası iştirak etməlidir.
İstehsalçıının bildirdiyinə görə, yaradılmasına 100 həftədən çox vaxt sərf olunmuş avtomobilin real yol şəraitindəki sınaqları 58 həftə davam edəcəkdir. Bu müddət ərzində 120 müxtəlif sınaqlar aparılmalıdır. Sınaqlar zamanı həm modelin texniki xüsusiyyətləri, həm də onun yığılma keyfiyyətinin qiymətləndirilməsi, eləcə də materialların davranışı yoxlanılacaqdır.
Bənövşəyi Purple Sector rənginə boyanmış "sıfır" avtomobili real istismar şəraitini simulyasiya etmək üçün 2500 kilometrdən çox məsafə qət edəcəkdir. Bu sınaqlar Almaniya, İtaliya, Fransa və İspaniyanı əhatə edəcək, bundan sonra isə, sürət sınaqlarını həyata keçirmək üçün, prototip bağlı poliqonlardan birinə yollanacaqdır.
Poliqonda avtomobili müxtəlif şərait və rejimlərdə yeddi həftəlik sınaq proqramı gözləyir. Bu sınaqların ardınca, prototipi real istismar şəraitini simulyasiya edən 7500 kilometrlik testlər, daha sonra isə, ekoloji standartlara uyğunluq sınaqları gözləyir. Prototipin dörd həftə ərzində 600 saatlıq günəş sınaqları gözləyirk ki, bu da Arizona səhrasında keçirilən beş ilə bərabərdir.
Bentley şirkəti karbon lifinə alternativ olacaq və xarici komponentlərin hazırlanmasında istifadə ediləcək yeni, ekoloji cəhətdən təmiz materialların testinin xüsusilə vacib olduğunu qeyd edib.
Ümumilikdə, Bentley Mulliner Batur kupesinin 810-dan çox unikal detalı 160 həftəlik sınaqlar və işləmələrdən keçəcəkdir. Bütün avtomobillər artıq satılıb və onların hər biri üçün alıcıların istəkləri əsasında zavod mütəxəssislərinin tərəfindən hazırlanmış eksklüziv kuzov və interyer tərtibatı sxemləri yaradılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.