Bentley şirkəti keçən yay W12 mühərrikinin buraxılışına son verib və müvafiq olaraq, belə mühərrikləri olan bütün avtomobillərin istehsalını dayandırıb. Bentley Bentayga Speed modeli də W12 mühərriki ilə təchiz edilən krossover idi. İndi isə, britaniyalılar Speed versiyasını yenidən çeşidə qaytarıblar – və o daha güclü, yeyin və ekstremal olub. Yeni Speed versiyasının kapotunun altında heç bir hibrid üstqurumu olmayan V8 biturbomühərriki yerləşir!

Artıq hər kəsə yaxşı tanış olan 4,0-litrlik V8 biturbo mühərriki Bentayga Speed versiyasında 650 at qüvvəsi və 850 Nm hasil edir ki, bu da adi Bentayga modelindəkindən (550 at qüvvəsi, 770 Nm) nəzərəçarpacaq dərəcədə çoxdur. Güc baxımından bu mühərrik həqiqətən əvvəlki nəhəng 6,0-litrlik W12 (635 at qüvvəsi) üstələyir, lakin fırlanma anı baxımından ondan geri qalır: həmin mühərrik artıq 1500 dövr/dəqiqədə 900 Nm hasil edirdisə, yeni V8 isə, artıq 2250 dövr/dəqiqədə 850 Nm hasil edir.

Lakin yeni Bentayga Speed sələfindən 42 kiloqram (2466 kiloqram) yüngüldür və çəkinin oxlar arasındakı daha əlverişli paylanmasına malikdir. Səkkiz pilləli “avtomat” və daimi tam ötürmə standartdır. 100 km/saata qədər sürətlənmə vaxtı 3,9-dan 3,4 saniyəyə endirilib, maksimal sürət isə, 306-dan 310 km/saata yüksəlib. Eyni zamanda Speed versiyası həm də iki oval çıxış borusu olan idman buraxılış sistemi sayəsində həmkarlarından daha yüksək səsə malikdir. Bunu "pıçıltı" hesab edənlər üçün dörd çıxış borusu olan titandan hazırlanmış Akrapovic buraxılış sistemi nəzərdə tutulub.

Yeni Bentley Bentayga Speed krossoveri əvvəllər yalnız uzunbazalı versiyalar üçün əlçatan olan tam idarələnən şassini də əldə edib: dönən arxa təkərlər sükanın reaksiyasını əhəmiyyətli dərəcədə kəskinləşdirir. Standart Comfort və Bentley idarəetmə rejimlərinə Sport preseti qoşulub. O aktivləşdirildikdə asma 15% daha sərt, sükan isə, daha ağır olur. Karbon-keramika əyləcləri opsiyadır. Stabilləşdirmə sistemində artıq daha güclü sürüşməyə imkan verən ayrıca Dinamic rejim var. Üstəlik, bu rejimdə Bentayga ilk dəfə olaraq lonç-kontrolu aktivləşdirmək mümkündür.

Zahiri cəhətdən Speed versiyası tündləşdirilmiş ön və arxa fənərlər, eləcə də kuzovun tünd dekorasiyası ilə seçilir. Mütləq “Speed” nişanları da var və dam qara rəngə boyana bilər. 22-düymlük təkər diskləri standart olaraq quraşdırılır, əyləc mexanizmləri isə, yeddi rəngdən birinə boyana bilərlər. Bununla belə, karbon-keramika əyləcləri sifariş edildikdə üç örtük variantı (boz, qara və ikirəngli) olan 23-düymlük təkər diskləri əlçatan olurlar.

Speed versiyasının interyeri rombşəkilli tikişlərlə bəzədilmiş oturacaqlara və qapı kartlarına malikdir. Xüsusi versiyanın emblemləri ön paneli, kandarları və oturacaq başlıqlarını bəzəyir. Daxili tərtibat rəngi müştəri tərəfindən seçilən parlaq və təzadlı vurğulara malikdir. Tünd örtüklü dekorativ örtmələri sifariş etmək mümkündür və ya adi xromla kifayətlənmək olar. Cihazlar panelinin ekranı xüsusi Speed rejimi əldə edib.
Bentley Bentayga Speed krossoverlərinə sifarişlər artıq qəbul olunur. Qiymət 219 min funt sterlinqdən başlayır. Speed heç də çeşiddəki ən bahalı versiya deyil, uzunbazalı Bentayga Mulliner EWB üçün ən azı 259 min funt sterlinq tələb edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.