Bu həftə Mayamidə keçirilmiş tədbirdə Bentley Flying Spur Hybrid sedanının xüsusi The Surgeon versiyasını nümayiş etdirilib. Adından da göründüyü kimi, yeganə nüsxədə inşa edilmiş avtomobil The Surgeon (“Cərrah”) ləqəbli küçə geyimi dizayneri Dominik Çambrope ilə əməkdaşlıqda hazırlanıb. Xatırladaq ki, bir neçə gün bundan öncə, Bentley və The Surgeon məhdud sayda buraxılacaq idman ayaqqabılarını təqdim etmişdilər.
Yeganə nüsxədə olan avtomobil üzərində fərdiləşdirmə layihələrinə cavabdeh olan Bentley Mulliner bölməsi işləyib. Şirkətdən bildirildiyinə görə, “Cərrah” boz Anthracite rənginə boyanmış avtomobili əldə etmək istəyib. Əslində Flying Spur Hybrid The Surgeon sedanı kuzovun ikirəngli boyanma sxeminə malikdir. Avtomobilin kuzovunun əksər hissəsi tutqun Anthracite rənginə boyansa da, digər hissələri bu rəngin parlaq variantına malikdirlər.
Bundan başqa, hibrid sedan xrom tərtibatı tündləşdirilmişi ilə əvəzləyən Bentley Blackline dəstinə, həmçinin tərkibinə karbondan hazırlanmış ön splitter, yan ətəklər, arxa diffuzor və baqaj qapağındakı spoyler daxil olan Bentley Styling Specification paketini alıb.
Bentley ilə The Surgeon arasındakı əməkdaşlığın nəticələrinin ən çox əks olunduğu sahə interyer tərtibatıdır. Məsələn, kandarlarda “Surgeon” yazısı ilə yanaşı, “Cərraha” məxsus olan “Never stop” (“Heç zaman dayanma”) devizi də həkk edilib. Avtomobilin The Surgeon ilə əməkdaşlıqda yaradıldığını eksteryer və interyerdə “Surgeon” emblemləri xatırlatmalıdır. Bundan başqa, LED fənərlər “Cərrahın” emblemi olan kəllə və cərrah bıcaqlarını yol səthinə proyeksiya edir. Salon tərtibatında Beluga və Linen rəngli dəridən istifadə edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.