Bentley şirkəti Mulliner atelyesi ilə birlikdə Continental GT modelinin şassisində inşa etdiyi Bacalar kolleksiya modelinin təqdim ediləcəyini bildirib. Şayiələrə görə, açıq kokpitli möhtəşəm qrand turer 12 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Kolleksiya modelinin qiyməti 1,5 milyon funt sterlinqdən çox olacaqdır ki, bu da onu ən bahalı yeni Bentley avtomobili halına gətirəcəkdir. Avtomobilin debütü 3 mart tarixində Cenevrə avtosalonunda keçiriləcəkdir.
Bentley Mulliner Bacalar barkettası «kuzov inşasının gələcəyini» göstərəcək və Mulliner atelyesinin şərəfli ənənələrini xatırladacaqdır. Əllə yığılacaq olan qran turerin dizaynı Bentley markasının 100 illik yubileyi şərəfinə hazırlanmış Bentley EXP 100 GT konseptini xatırladacaqdır. Zahiri görkəm ilə yanaşı, barketta konseptdə tətbiq edilən unikal tərtibat materiallarına da sahib olacaqdır. Buna misal kimi, torf bataqlıqlarından alınmış ağacı və şərabçəkmənin izafi qalıqlarından hazırlanan parçanı göstərmək olar.
Kolleksiya modeli Meksikada yerləşən, heyrətamiz mavi və təmiz suyuna görə məşhur turistik məkana çevrilən Bakalar gölünün adını daşıyacaqdır. Mulliner atelyesinin bu xüsusiyyətdən istifadə edərək Bacalar modeli üçün bənzərsiz kuzov rəngini hazırlayacağını gözləmək olar - bunun üçün atelyenin Britaniya markasının geniş arxivlərinə müraciət edəcəyi də istisna olunmur.