Bentley şirkəti ikinci nəsil Continental GT3 yarış kupesini təqdim edib. Əvvəlki nəsil yarış avtomobili 528 yarışda iştirak edib və onlardan 45-də qalib gəlib. Bentley Continental GT3 modelinin aktivində 120 podium da vardır.
İstehsalçı yeni avtomobil ilə Blancpain GT Series Endurance Cup və Intercontinental GT Challenge seriyalarında qalib gəlmək niyyətindədir. Yeni model gələn il 22 aprel tarixində Monzada keçiriləcək yarışda debüt edəcəkdir. Yarış kupesi yeni nəsil Continental GT modelinin əsasında yaradılıb. Avtomobilin hazırlanması ilə Bentley Motorsport bölümünün mühəndisləri və M-Sport komandasının mütəxəssisləri məşğul olublar.
Hazırda yarış avtomobilinin altı aylıq sınaqlar proqramına start verilibdir.
Bentley Continental GT modeli 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilib. Mühərrik quru karterə, yeni giriş və buraxılış sistemlərinə, həmçinin Cosworth elektron idarəetmə blokuna sahib olub. İstehsalçı mühərrikin 550 at qüvvəsinin üzərində gücə malik olduğunu iddia edir. Güc aqreqatı altı pilləli Ricardo sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Bu tandem mühərrikin gücünü karbondan hazırlanmış kardan valı vasitəsi ilə arxa oxa ötürür.
Öz növbəsində arxa ox yüksək sürtünməli differensiala malikdir. Bentley Continental GT3 tənzimlənən amortizatorları olan yeni asqı, öndə altı porşenli, arxada dörd porşenli əyləc mexanizmləri, karbon liflərindən hazırlanmış kuzov panelləri və aerodinamik dəst ilə təchiz edilib. Adi Continenetal GT modeli ilə müqayisədə yarış avtomobili 944 kiloqram az çəkiyə malikdir.
Avtomobilin çəkisi 1300 kiloqramdan azdır.