Bentley markasının baş dizayneri Ştefan Zilaff Auto Express nəşrinə verdiyi müsahibəsində, dəbdəbəli avtomobillər istehsalçısının ilk elektrokarının krossover olmayacağını bildirib.
"Hesab edirəm ki, bu halda SUV hazırlamaq gərək deyildir. Bu avtomobil kupe üslubunun, idmanın və zərifliyin vəhdətini təşkil etməlidir. Belə bir avtomobildə iki sərnişin yerindən artıq yerlər olmalıdır. Ən yaxşısı dörd və ya beş yerdir. Bir qədər də baqaj üçün yer olmalıdır", - Zilaff söyləyib. Dizayner ilk Bentley elektrokarının mövcud olan avtomobillərin əsasında yaradılmayacağını da qeyd edib. "Bu bizə şirkət üçün yeni dizayn üslubunu yaratmaq imkanı verəcəkdir", - dizayner qeyd edib.
İlkin məlumata görə, yeni model markanın keçmiş rəhbəri və Le Man yarışlarının üçqat qalibi Vulf Barnatonun şəninə Barnato adlandırıla bilər. Böyük ehtimalla, Bentley şirkəti Barnato modelini Porsche Missin E modelinin aqreqatlarında inşa edəcəkdir. Mission E modelinə nisbətən Barnato daha dəbdəbəli eksteryerə və interyerə malik olacaqdır. Bununla belə, Bentley Barnato modelinin texniki hissəsi barədə heç bir məlumat verilməyib.
Çox güman ki, Barnato da Mission E modeli kimi 600 at qüvvəsi hasil edən iki elektrik mühərrikinə sahib olacaqdır.
Məlum olduğu kimi, Mission E 100 km/saat sürətini 3,5 saniyəyə toplayır və 500 kilometr yürüş məsafəsinə malikdir.