Bentley markasının qocaman dilerlərindən biri olan Jack Barclay diler mərkəzi Bentayga krossoverinin iki xüsusi versiyasını təqdim edib. Hər iki avtomobil Mulliner atelyesi ilə klassik kişi geyimləri üzrə ixtisaslaşmış məşhur Hunstman tikiş atelyesinin birgə işidir.
Bu əməkdaşılıq hər iki markanın 100 illik yubileyinə həsr edilib. 1919-cu uldə Bentley Motors Ltd., şirkəti qeydiyyata alındığı zaman, Londonun məşhur Savile Row küçəsində Hunstman butiki açılıb. Atelye özünün tvid parçası ilə məşhurdur və bu səbəbdən də, hər iki Bentayga krossoverinin salonunda bu parçanın müxtəlif variantlarından, o cümlədən Peck 62 arxiv materialından da hazırlanmış işləmələr tətbiq edilib. Xüsusi krossoverlər Businessman və Sportsman adlandırılıblar.
Bentley Bentayga Businessman modelini arxa dirsəkaltında yerləşdirilmiş şahmat taxtası sayəsində tanımaq olar. Bu taxta, Jack Barclay şourumunun 1954-cü ildən bu günə qədər dəyişilməz qalan iki rəngli damalı döşəməsini təmsil edir. «İş adamının» salon tərtibatında yüksək keyfiyyətli dəri, karbon və tvid parçadan istifadə edilib.
Sportsman ləqəbli Bentley Bentayga modelinin salon tərtibatında mavi rəngli Imperial Blue dərisindən, Liquid Amber dekor elementlərindən, fərqlənən naxışı və kuzov rəngində olan Candy Red yun parçasında istifadə edilir. Jack Barclay diler mərkəzi Businessman və Sportsman krossoverlərinin hər bir alıcısına xüsusi sifarişlə tikilən və astarının eksklyuziv dizaynı olan pencək hədiyyə edəcəkdir.