Əvvəllər Bentley sedanları uzadırdı, indi isə krossoverlərə keçib. Uzadılmış Bentley Bentayga EWB (Extended Wheelbase) krossoveri Bentley Mulsanne EWB sedanının ideoloji varisi olub. Uzunbazalı krossover 2500 yeni detala malikdir, onun işlənb və dəqiq tənzimləməsinə doqquz rəqəmli məbləğ sərf edilib. Bu səbəbdən də, şirkət onu ayrıca, çeşiddəki beşinci model hesab edir. İlk dörd model Continental GT kupesi, Continental GT Convertible, Flying Spur sedanı və adi Bentayga krossoveridir.
Bentayga modelinin təkər bazası 180 millimetr (3175 millimetrə qədər), ümumi uzunluğu isə 197 millimetr (5322 millimetrə qədər) artıb. Artım ənənəvi olaraq arxa sərnişinlərin ayaq zonasında yerləşir: arxa qapılar, döşəmə və dam panelləri dəyişdirilib.
Damın şüşə hissəsi 125 mllimetr geri çəkilib. Bundan əlavə, zahiri cəhətdən Bentayga EWB modeli qısabazalı versiyalardan orijinal barmaqlığı (tor yerinə şaquli çubuqlar) və standart 22-düymlük təkər diskləri ilə fərqlənir.
Salonun baza konfiqurasiyası 4+1 oturacaq düsturuna malikdir: bu, Bentayga üçün yeni sxemdir. Fərdi arxa oturacaqların arasında sadə qatlanan əlavə quraşdırılıb ki, orada formal olaraq daha bir sərnişin yerləşdirilə bilər.
Ancaq dörd və ya beş oturacaqlı adi variantlar da mövcuddur: birinci halda, arxa oturacaqlar arasında boks quraşdırılır (sifariş ilə orada soyuducu yerləşdirilə bilər), ikinci halda isə, arxada üçyerli divan var. Üçüncü cərgə imic səbəbiylə əlçatan deyil. Xatırladaq ki, adi Bentayga modelində belə bir opsiya var.
İstənilən halda, Bentayga EWB modelinin arxa sərnişinlər üçün uzadılmış mərkəzi konsol nəzərdə tutulub, onun üzərində əlavə sensorlu ekran quraşdırılıb, onun aşağı hissəsində isə, qadcetlər üçün simsiz doldurma meydançası quraşdırılıb. İlk dəfə olaraq, “bazada” bütün dirsəkaltıların qızdırılması və arxa qapıların elektrik ötürməsi var.
Qapılar üçün isə, daxili işıqlandırması olan dəlikli dəri ilə tərtibatı sifariş etmək mümkündür: ön qapılarda 12, arxa qapılarda isə 22 diod quraşdırılıb. Bütün mümkün nüansları nəzərə alsaq, Bentayga EWB modeli 24 milyard tərtibat variantına malikdir.
Ən “bərkgedən” variant isə, arxa fərdi Bentley Airline Seat oturacaqları sayılır. Bu kresloların indiyədək avtomobillərdə quraşdırılmış ən qabaqcıl oturacaqlar olduğu bildirilir. Onlar 22 tənzimləməyə, masajoru olan öz iqlim sisteminə malikdirlər: temperatur rejimini optimallaşdırmaq üçün qızdırılma və havalandırma eyni vaxtda işləyə bilər.
Sağ oturacağın kürək hissəsi 40 dərəcə geri əyilə bilər. Oturacaqların idarə edilməsi qismən mərkəzi sensorlu ekrana həvalə edilib, qatlanan masalar və ayaqaltılar da var. Tərtibatçılar krossoverin salonunun hündürlüyünün Bentley Mulsanne sedanındakından 10 millimetr çox olduğunu xüsusilə vurğulayırlar.
Uzunbazalı krossover yalnız 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə debüt edib. Məlum olduğu kimi, Bentayga modelinn mühərrik çeşidində daha statuslu W12 mühərriki də mövcuddur.
Səkkiz pilləli “avtomat” və daimi tam ötürmə sistemi standartdır. Dinamik xüsusiyyətlər baxımından Bentayga EWB standart modeldən demək olar ki, fərqlənmir: maksimal sürət həddi eyni 290 km/saat olsa da, ilk “yüzlüyə” sürətlənmə müddəti 4,5-dən 4,6 saniyəyə qədər artıb.
Bentayga EWB krossoverinin standart təchizatına özünün 48 voltluq elektrik şəbəkəsindən çalışan Bentley Dynamic Ride aktiv stabilizatorları olan asqı daxildir (orijinal krossover üçü opsyadır istəyə görə).
Üstəlik, uzunbazalı Bentayga ilk dəfədir ki, tam idarəolunan şassini əldə edib. Əvvəllər belə şassiyə yalnız Bentley Flying Spur sedanı sahib idi. Arxa təkərlərin dönmə mexanizmi olan krossoverun geriyə dönmə dairəsi 11,8 metrdir ki, bu da adi Bentayga modelində olduğundan 7% azdır.
Bentley Bentayga EWB krossoverlərinin satışına bu ilin dördüncü rübündə başlanacaqdır. Avropada və hətta doğma Böyük Britaniyada bu modelə sifarişlər həhlik qəbul olunmur: üstünlük verilən bazarlar ABŞ, Çin və Yaxın Şərqdir. Bentley şirkəti uzunbazalı versiyaların Bentayga modelinin ümumi satışlarındakı payının 45% olacağını gözləyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.