Bentley şirkəti əfsanəvi V8 mühərrikinin 60 illik yubileyini qeyd edir. 1958-ci ilin yazında yaradılmasına başlanmış aqreqat çoxsaylı yenilənmələrdən keçərək, bu gün də Bentley Mulsanne modelinin kapotu altında quraşdırılır.
1955-ci ildə işıq üzü görmüş Small Block Chevrolet V8 mühərrikini nəzərə almasaq, Mulsanne modelinin məşhur V8 mühərrikini dünyanın ən uzunömürlü səkkizsilindrli mühərriki saymaq olar. V8 mühərrikinin yaradılması üzrə çalışmalara keçən əsrin 50-ci illərinin ortalarında başlanıb. Baş motorçu Cek Filippsin qarşında Mark VI, R-Type və S1 ailəsində istifadə edilən altısilindrli mühərrikdən bir dəfə yarım güclü olan səkkizsilindrli mühərriki yaratmaq tapşırığı dururdu. Bununla belə yeni mühərrik ölçü və çəkisinə görə əvvəlki aqreqatı üstələməli deyildi.
V8 mühərrikinin debütü 1959-cu ildə Bentley S2 modelində baş tutub. 6,2-litrlik həcmə malik olan mühərrik sələfindən 13,6 kq yüngül olmaqla yanaşı, məhsuldarlıqda onu ciddi şəkildə üstələyirdi. İlk lokal yenilənmə 1965-ci ildə keçirilib, 1971-ci ildə isə güc qurğusunun həcmi 6¾ litrə qədər artırılıb. Bu həcm bu günə qədər dəyişilməz qalır.
Daha bir yenilənmə 1980-ci ilin əvvəllərində baş tutub: Bentley Mulsanne Turbo modeli üçün mühərriki bir turbokompressor ilə təchiz ediblər. Bun gün 6,75-litrlik mühərrik artıq iki turbokompressorla təchiz edilir ki, bu da Mulsanne Speed modelini 537 at qüvvəsi və 1100 Nm fırlanma anı ilə təmin etməyə imkan verir. Bu, bir paylayıcı valı olan və hər silindrinə iki klapan düşən mühərrik üçün möhtəşəm göstəricidir.
Bir mühərrikin yaradılmasına Bentley motorçuları 15 saat vaxt sərf edirlər. Güc aqreqatı yalnız Bentley Mulsanne modelində quraşdırılır. Digər modellər Volkswagen şirkətinin 4,0-litrlik V8 və ya W12 mühərrikləri ilə təchiz edilirlər.