Bentley tədricən ikonaya çevrilmiş benzin mühərriklərindən imtina edir - 6,0-litrlik W12 mühərriki artıq yalnız Mulliner atelyesinin hazırladığı fərdi idman avtomobillərində quraşdırılır, indi isə, 4,0-litrlik V8 biturbo mühərriki tarixə çevrilir. 2024-cü ildə Böyük Britaniya, Avropa və Yaxın Şərq bazarları səkkizsilindrli mühərrikləri olan Continental GT kupesi, Continental GTC kabrioleti və Flying Spur sedanınıdan məhrum ediləcəklər. Bentayga krossoveri hələlik bu aqreqatı saxlayacaq və markanın yeganə səkkizsilindrli modeli olaraq qalacaq.
4,0-litrlik V8 mühərrikinin 2012-ci ildə təqdim edilməsindən bəri, 53 000-dən çox V8 mühərrikli Continental GT, GTC və Flying Spur modelləri buraxılıb. Bu mühərriklərin hər bie nüsxəsi Böyük Britaniyanın Kryu şəhərindəki Bentley zavodunda əl ilə yığılıblar. Hazırda V8 mühərriki ilə təchiz edilmiş sonuncu Continental GT, GTC və Flying Spur modellərini Böyük Britaniya, Avropa və Yaxın Şərqdə sifariş etmək mümkündür. Sifarişlərin qəbulu tezliklə başa çatacaq, avtomobillərinn çatdırılmasına isə, iyun ayından gec olmayaraq başlanılmalıdır.
Bundan sonra, V8 mühərriki olan avtomobillərinin satışı yalnız diler anbarlarında mövcud olanlarla məhdudlaşacaq. Belə avtomobilləri almaq istəyən müştərilər isə, başqa bazarlardan yeni avtomobil gətirmək variantlarını axtarmalıdırlar, çünki V8 modellərinin digər bölgələr üçün istehsalına daha sonra son verilməlidir. Məsələn, artıq Şimali Amerikada Continental GT, Continental GTC və Flying Spur modellərinin Edition 8 adlı vida versiyasının satılacağı elan edilib - avtomobillər Mulliner mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi dizaynı alacaqlar.
Avtomobillər Blackline eksteryer dekorunu, iki dizayn variantında olan 22-düymlük təkər disklərini, Comfort oturacaqlarını, mərkəzi konsoldakı məşhur fırlanan Bentley displeyini və üzlükdəki seçilən tikişləri alacaqlar. Müştərilər Mulliner atelyesinin genişləndirilmiş boya çeşidinin 60-dan çox çalarları arasından seçim edə biləcəklər. Bundan başqa, Edition 8 modelləri oturacaqların eksklüziv Palm Fluting tərtibatına sahib olacaqlar. Qeyd etmək gərəkdir ki, əvvəllər Bentley avtomobillərində belə tərtibat təklif edilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.