2024-cü ilin aprelində Kruda yığılan W12 mühərrikinin erası başa çatacaqdır – Bentley brendinin ikonaya çevrilmiş 6,0-litrlik turbomühərriki yerini V6 və V8 mühərriklərinə əsaslanan hibrid güc qurğularına verəcəkdir. Bentley əfsanəvi mühərriki layiqli şəkildə yola salmaq üçün, kapotunun altında 660 at qüvvəli mühərrik olan məhdud seriyadan olan Speed Edition 12 modellərini buraxacaqdır. Avtomobil ilə birlikdə, alıcı daha bir W12 mühərrikini alacaqdır - ancaq bu əsl mühərrik deyil, onun miqyaslı modeli olacaqdır.
Speed Edition 12 nəşri, adından da göründüyü kimi, Bentayga krossoverinin, Flying Spur sedanının, Continental GT kupesinin və Continental GT Convertible kabrioletinin Speed modifikasiyasına əsaslanacaqdır. Hər bir model 120 nüsxəlik tirajla buraxılacaqdır. Xüsusi nəşrin seçilən xüsusiyyətləri gümüş rəngli əyləc supportları, Speed Edition 12 nişanları və mühərrik qapağındakı ayrıca emblem olacaqdır.
Avtomobillər kuzovun Blackline dekor paketini və qara rəngli 22-düymlük təkər diskləri alacaqlar. Yeni modifikasiyalar üçün seçim olaraq eksklüziv Opalite kuzov rəngini - yüngül mis çalarlı açıq boz-yaşıl rəng təklif edəcəklər. Avtomobillərin interyeri ümumi sxemə uyğun olaraq tərtib ediləcəkdir: əsas Beluga qara rəngi ya tam şəkildə, ya da Brunel mavisi, Cricketball qırmızısı, Linen və Orange narıncısı ilə birlikdə tətbiq edilə bilər.
Ön paneldəki parlaq qara rəngli Grand Black ağac şponu alternativsizdir. Oturacaqlar isə, Mulliner Silver haşiyələrini, Edition 12 tikmə-naxışlarını və Stratos çaları vasitəsilə Anthracite rəngindən Porpoise rənginə keçən üçrəngli qradient naxışı olan yuxarı hissəni əldə edəcəklər. İqlimə nəzarət sisteminin idarəetmə düymələri 12 rəqəmini alacaq, sərnişin tərəfindəki ön paneldə W12 mühərrik silindrlərinin ardıcıllığı olan qravüra görünəcək və xüsusi versiyanın işıqlandırılmış loqoları olan kandar örtmələri interyer tərtibatını tamamlayacaqlar.
Bentley Speed Edition 12 xəttinin sahibləri üçün yaddaqalan hədiyyə də nəzərdə tutulub – bu, real W12 mühərrikinin 15% miqyasında hazırlanış modelidir. İstehsalçı tamölçülü W12 mühərrikinin silindr blokundan götürülmüş alüminiumdan hazırlanmış miniatür mühərrikin əsl güc aqreqatını tam şəkildə təkrarlayacağını, ofis və ya evdə iş masası, dolab və ya rəf üçün əla bəzək olacağını vəd edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.