Bentley şirkəti rəsmi olaraq dördüncü nəsil Continental GT modelini təqdim edib. Lakin bununla yanaşı, britaniyalılar yeni modelin əslində bütün istehsal dövrü boyunca ən sadə restaylinqə belə məruz qalmayan əvvəlki 2017-ci ilin modelinin dərin modernləşdirilməsinin nəticəsi olduğunu gizlətmirlər.
Avtomobilin komponentlərinin 68 faizi dəyişdirilib və ya yenidən işlənilib, lakin platforma, kuzovun konstruksiyası və interyer dizaynı faktiki olaraq dəyişməz qalıb. Əsas yenilik kapotun altındadır.
Bentley artıq W12 mühərrikini təqaüdə göndərib, üstəlik, yalnız Bentayga krossoverinin V8 mühərrikli sırf benzin versiyası var. Artıq əsas üstünlük hibrid sistemlərə verilir. Speed versiyasında debüt edən yeni Continental GT modeli Ultra Performance Hybrid güc aqreqatı ilə təchiz edilmiş ilk Bentley modelidir.
Söhbət bir neçə ildir ki, Continental GT modelinin eyni platformanı bölüşdüyü Porsche Panamera modelində istifadə olunan hibrid sistemin uyğunlaşdırılmasından gedir.
Kapotun altında ən güclü versiyada (600 at qüvvəsi, 800 Nm) olmayan tanış 4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Mühərrik xüsusi olaraq təkmilləşdirilib: məsələn, birbaşa püskürtmənin təzyiqi 200-dən 350 bara qədər artırılıb.
İki muftalı səkkiz pilləli “robota” isə, 190 at qüvvəsi və 450 Nm hasil edən elektrik mühərriki quraşdırılıb. Sistemin maksimal gücü 782 at qüvvəsi, fırlanma anı isə, 1000 Nm-dir!
Artıq bu model, tarixdəki ən güclü Bentley avtomobilidir, çünki əvvəlki W12 mühərrikli Continental GT Speed modeli yalnız 659 at qüvvəsi və 900 Nm fırlanma anı ilə öyünə bilirdi.
Tutumu 25,9 kilovat/saat olan dartma batareyası (85% istifadə olunur) 400 volt işləmə gərginliyinə malikdir və arxa kuzov çıxışında yerləşir. Bunun sayəsində Continental ilk dəfə olaraq, üstünlüyün ön oxa deyil, arxa oxa (49:51) verildiyi çəkinin oxlar arasında paylanması nisbətinə malikdir.
Sirf elektrik rejimində 81 kilometr məsafə qət etmək və maksimum 140 km/saata qədər sürətlənmək mümkündür. Avtomobildə yalnız 11 kilovat gücündə dəyişən cərəyanlı şarj cihazı quraşdırılıb.
Hibrid rejimində kupe 100 km/saat həddini əvvəlki 3,6 saniyə əvəzinə 3,2 saniyəyə toplayır, baxmayaraq ki, maksimal sürət dəyişməyib – 335 km/saat. Eyni zamanda, kupe ilə birlikdə təqdim edilən Continental GTC Speed kabrioleti bir qədər yavaşdır: o, 100 km/saat həddini 3,4 saniyəyə toplayır, maksimal sürət isə, 285 km/saat həddində məhdudlaşdırılıb.
Əlbəttə ki, elektron kilidi olan arxa eLSD differensialı olan tam ötürmə sistemi və tam idarə olunan şassi saxlanılıb - bunların hamısı Speed versiyasında əvvəllər də var idi. Lakin pnevmatik asqıda dəyişikliklər baş verib: üç kameralı pnevmatik dayaqlar iki kameralılar ilə əvəzlənib, üstəlik, ayrıca sıxılma və geri oturtma klapanları olan yeni adaptiv amortizatorlar var.
Aktiv stabilizatorlar saxlanılıb, lakin onlar 48 voltluq elektrik sistemindən ümumi 400 voltluq sistemə keçirilməyiblər. Öndə on porşenli, arxada isə, dörd porşenli əyləclər mexanizmləri quraşdırılıb. Əlavə ödəniş qarşılığında standart çuqun disklərin əvəzinə karbon-keramik disklər təklif olunur.
Continental GT eyni kuzov formalarını və nisbətlərini saxlayıb, lakin dizaynda mini-inqilab baş verib: 2003-cü ildən bəri şirkət ilk dəfə ön hissəsinin “dördgözlü” dizaynından imtina edib. Continental GT “kirpikləri” olan yeni oval fənərləri alıb - bu “kirpiklər” gündüz hərəkət işıqları və dönmə siqnallarına cavabdehdirlər.
Arxa fənərlər elə də dəyişməyib, lakin onlar bir qədər nazikləşiblər ki, bu da arxa hissəni vizual olaraq genişləndirir. Əlbəttə ki, ön və arxa bamperlər dəyişdirilib, üstəlik, buraxılış sisteminin çıxış borularının formasına yenidən baxılıb. “Konti” standart olaraq 22 düymlük təkər diskləri ilə təchiz edilir.
İnteryerdə heç bir ciddi dəyişiklik baş verməyib. Yalnız xırda dekora yenidən baxılıb və hava ionizatoru əlavə edilib. Eyni zamanda, üçölçülü naxışı olan dəri üzlüyü sifariş etmək mümkündür. Ön panelin fırlanan mərkəzi modulu saxlanılıb, onun üç tərəfi var: media sisteminin 12,3 düymlük ekranı, üç analoq cihazı olan blok və boş panel.
Dördüncü nəsil Bentley Continental GT kupe və kabrioletinin çatdırılmalarına cari ilin üçüncü rübündə başlanmalıdır. Speed versiyasının qiyməti 236.000 funt sterlinqdən başlayacaq, bir müddətdən sonra V6 mühərriki olan baza hibrid versiyası da satışa çıxarılmalıdır. Yaxın gələcəkdə qohum Bentley Flying Spur sedanı da Ultra Performance Hybrid güc qurğusuna keçəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.