Bentley avtomobildə fərdiləşdirmə anlayışını yeni mərhələyə keçirən Curation Engine adlı ağıllı sistemi təqdim edib. Yeni texnologiya sürücünün və sərnişinlərin əhvalına, səfərin məqsədinə və şəxsi seçimlərinə uyğun olaraq avtomobilin müxtəlif funksiyalarını avtomatik tənzimləyir.

Sistem işıqlandırma, salon temperaturu, oturacaqların masaj və havalandırma funksiyaları, musiqi seçimi, ətriyyat sistemi və digər komfort elementlərini vahid ekosistemdə birləşdirir. Məqsəd avtomobili sadəcə idarə olunan nəqliyyat vasitəsinə deyil, hər səfərə uyğunlaşan fərdi məkana çevirməkdir.

Bentley bildirir ki, Curation Engine istifadəçilərin əvvəlki seçimlərini və gündəlik vərdişlərini öyrənərək hər marşrut üçün optimal atmosfer yaradır. Məsələn, işgüzar görüşə gedərkən sistem daha sakit və diqqəti cəmləyən mühit formalaşdırır, uzun səyahətlərdə isə relaksasiya və komforta üstünlük verir.

Yeni platforma Bentley-in rəqəmsal transformasiya strategiyasının bir hissəsidir və gələcək nəsil modellərdə daha geniş funksiyalarla təklif ediləcək. Şirkətin fikrincə, lüks artıq yalnız istifadə olunan materiallarla deyil, avtomobilin sahibini nə dərəcədə tanıması ilə də ölçüləcək.

AUTOGRAPH NOTE

Lüks avtomobillər uzun illər ağac, dəri və əl işi ilə fərqlənirdi. Bu gün isə rəqabət yeni mərhələyə keçib. Bentley-in Curation Engine sistemi göstərir ki, gələcəyin premium avtomobilləri sahibini tanıyan, onun vərdişlərini öyrənən və hər səfərdə fərqli emosional atmosfer yaradan rəqəmsal köməkçilərə çevrilir. Başqa sözlə, avtomobil artıq yalnız hara getdiyinizi deyil, özünüzü necə hiss etmək istədiyinizidə nəzərə alır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.