Bentley şirkəti V8 mühərriki ilə təchiz edilən Flying Spur sedanının yeni versiyasını nümayiş etdirib. W12 mühərrikinin V8 ilə əvəzlənməsi avtomobilin çəkisinin azaldılmasına gətirib çıxarıb. Bentley şirkətindən bildirildiyi kimi sedan daha "sürücüyönümlü" olub.
Bentley Flying Spur V8 sedanı 6.0-litrlik W12 mühərriki ilə təchiz edilmiş versiyasından 100 kiloqram yüngüldür. Eyni zamanda, yığcam mühərrikin quraşdırılması ön tərəfin yüngülləşdirilməsinə səbəb olub ki, bu da idarəetmə və manevr qabiliyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb.
Kapotun altında silindrlərin yarısının söndürülməsi sistemi olan, 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki quraşdırılır. Güc qurğusu səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - ön oxu qoşma muftası olan tam çəkiş sistemidir.
Bentley Flying Spur V8 modeli 100 km/saat həddini 4.1 saniyəyə toplayır. Sedanın maksimal sürəti 318 km/saatdır. Müqayisə üçün, 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən W12 mühərriki ilə təchiz edilən sedan 100 km/saat həddinə sürətlənməyə 3,8 saniyə sərf edir və 333 km/saatlıq maksimal sürət həddinə malikdir.
Bentley Flying Spur V8 modelinin avadanlıq siyahısına yayların sərtliyini tənzimləməyə imkan verən adaptiv Bentley Dynamic Ride asqısı, 48 voltluq şəbəkədən çalışan opsional aktiv köndələn dayanıqlılıq sistemi və tam idarələnən şassi daxildir.
Səkkizsilindrli mühərrik ilə təchiz edilmiş sedan dörd və beş yerli salonla, habelə sonsuz fərdiləşdirmə imkanları ilə təklif ediləcəkdir. Bentley Flying Spur V8 modelinin Avropadakı müştərilərə çatdırılmasına 2020-ci ilin sonunda, qlobal çatdırılmalara isə gələn il başlanacaqdır.