Üç ildən artıqdır ki, Bentley "yaşıl" təşəbbüsləri təbliğ edir. Bu təşəbbüslərdən biri də bal istehsalıdır. Məşhur avtomobil istehsalçısı 2019-cu ildə Çeşir qraflığının arıçılarının dəstəyi ilə şirkətə il ərzində 30 kiloqram və ya təxminən 100 banka bal gətirən iki arı pətəyini quraşdırıb. 2022-ci ildə bu koloniya genişlənərək onlarla pətəkdə yaşayan 600 min arıya çatıb. Bu il Bentley rekord miqdarda - min banka bal toplaya bilib.
Arıxana brendin Kryu şəhərindəki kampusunda yerləşir. Mövsümün sonunda mütəxəssislər bal toplayaraq onu bankalara tökürlər - onların bir hissəsini şirkət əməkdaşları özləri üçün götürür, qalanını isə kampusun qonaqlarına hədiyyə edirlər.
Yeri gəlmişkən, bal şüşələrinin etiketlərinin dizaynı Bentley şirkətinin interyer dizayneri Luiza MakKallum tərəfindən hazırlanıb. Birinci ildə hər bir pətək bir dəfəyə 30 kiloqrama qədər bal verirdisə, ildən-ilə arı koloniyası böyüyüb və yeni pətəklərin quraşdırılmasına ehtiyac yaranıb.
Qeyd etmək gərəkdir ki, Bentley bu sahədə özünü sınayan yeganə avtomobil şirkəti deyil. Məsələn, Porsche şirkətinin Leypsiqdə böyük arıxanası var: 40 hektarlıq ərazidə 1,5 milyon arı yaşayır.
Lamborghini şirkəti də öz arıxanasına malikdir - 2016-cı ildə yaradılmış arıxanada 600 mindən çox arı çalışır. Sant'Aqata Bolonyezedəki Lamborghini parkında yerləşən arıxanada hər il təxminən 430 kiloqram bal istehsal olunur. İtalyan istehsalçısı bu balı Milad bayramında öz işçilərinə hədiyyə edir.
Rolls-Royce şirkətinin də öz arıxanası mövcuddur. Bu arıxanada 300 minə yaxın arı yaşayır. Rolls-Royce modellərinin və “Vəcdin Ruhu” heykəlciyinin şərəfinə adlandırılmış altı arı koloniyası Qudvudda yerləşir və müştərilər üçün suvenir balı istehsal edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.