İyun ayında nümayiş olunan yenilənmiş Bentley Continental GT kupe və kabrioletini Bentley yeni nəsil hesab edir. Ancaq ikiqapılı avtomobillər ən azından əhəmiyyətli dərəcədə yenilənmiş görünüşə malikdirlər, üstəlik, onların dəyişdirilmiş və yenidən işlənmiş komponentlərinin ümumi payı 68% təşkil edib.
Ən təəccüblüsü odur ki, Bentley hazırda nümayiş olunan Flying Spur sedanını dördüncü nəsil kimi təqdim edir! Dəyişən komponentlərin sayı açıqlanmasa da, eksteryer dizaynındakı dəyişikliklər cüzi xarakterə malikdirlər.
Continental GT modelindən fərqli olaraq, bütün işıqlandırma texnikası eyni qalıb. Kuzov panellərinə də toxunulmayıb. Vizual yeniləmələrə yalnız radiator barmaqlığı, ön bamper, arxadakı diffuzor və 22-düymlük təkər diskləri daxildir (seçmək üçün üç variant var). Belə dəst yüngül restaylinq üçün daha uyğundur.
Salondakı xırda dekor yenidən işlənib və hava ionlaşdırıcısını əlavə edilib. İndi üçölçülü naxışı olan dəri üzlüyü sifariş etmək olar, daha bir yeni opsiya - quraşdırılmış iqlim nəzarəti olan dörd oturacaqdır: elektronika oturacaqlardakı temperatur sensorlarının göstəricilərinə əsaslanaraq isitmə və havalandırmanın intensivliyini çevik şəkildə dəyişir. Ön panelin fırlanan mərkəzi modulu saxlanılıb, onun üç tərəfi var: media sisteminin 12,3 düymlük ekranı, üç analoq cihazı olan blok və ya bağlı panel.
Əsas yenilik kapotun altındadır. Continental GT modeli kimi, yenilənmiş Flying Spur sedanı da W12 mühərriki ilə vidalaşıb və Ultra Performance Hybrid güc qurğusunu alıb. Məlum məsələdir ki, belə güc qurğusuna malik olan sedan Speed indeksini daşıyır. Kapotun altında 600 at qüvvəsi və 800 Nm hasil edən tanış 4,0-litrlik V8 biturbo mühərriki var.
İki muftalı səkkiz pilləli “robota” 190 at qüvvəsi və 450 Nm hasil edən elektrik mühərriki quraşdırılıb. Hibrid sistemin ümumi hasilatı 782 at qüvvəsi və 1000 Nm təşkil edir! Halbuki əvvəlki Bentley Flying Spur Speed sedanın 6,0-litrlik W12 mühərriki 635 at qüvvəsi və 900 Nm hasil edirdi.
25,9 kilovat/saatlıq dartma batareyası (85% istifadə olunur) 400 volt iş gərginliyinə malikdir və arxa kuzov çıxışında yerləşir. Nəticədə baqaj bölməsinin həcmi 420-dən 346 litrə qədər azalıb. Batareya 209 kiloqram çəkiyə malikdir, buna görə də Flying Spur indi çəkinin oxlar arasında ön tərəfin deyil, arxa oxun xeyrinə 48:52 (əvvəllər 53:47) nisbətində paylanmasına malikdir.
Sırf elektrik rejimində sedan 76 kilometr məsafə qət edə və maksimal 140 km/saata sürətlənə bilər. Avtomobil 11 kilovatlıq DC şarj cihazına malikdir. Dolu çən (həcmi 90 litrdən 80 litrə endirilib) və batareya ilə maksimal yürüş ehtiyatı 829 kilometr təşkil edir.
Sedanın təchiz edilmiş şəkildəki çəkisi 2645 kiloqramdır. Xatırladaq ki, W12 mühərrikli sedanın çəkisi 2437 kilqoram təşkil eidrdi. Dolu batareya ilə sedan hibrid rejimdə 100 km/saat həddinə əvvəlki sedandan 0,3 saniyə yeyin - 3,5 saniyəyə sürətlənir.
Yeni sedanın maksimal sürəti 285 km/saat həddində məhdudlaşdırılıb. Xatırladaq ki, əvvəlki sedan daha sürətli idi = onun makismal sürəti 333 km/saat təşkil edirdi. Ən maraqlısı odur ki, hələ də hibrid Continental GT modelində məhdudlaşdırıcı yoxdur.
Əlbəttə ki, arxa eLSD differensialının elektron idarələnən kilidi olan tam ötürmə sistemi və tam idarələnən şassi saxlanılıb - bunların hamısı Speed versiyasında əvvəllər də var idi. Ancaq pnevmatik asqıda dəyişikliklər var: üç kameralı pnevmatik balonların əvəzinə iki kameralılar, üstəlik, sıxılma və geri oturtmanın ayrıca klapanları olan yeni adaptiv amortizatorlar quraşdırılıb. Aktiv stabilizatorlar saxlanılıb, lakin onları 48 voltluq elektrik sistemindən ümumi 400 voltluq sistemə keçirilməyiblər.
Bentley Flying Spur Speed hibrid sedanlarının çatdırılmalarına ilin sonunda başlanacaq. Qiymətlər 220.000 funt sterlinqdən başlayır. Daha sonra V6 mühərrikli baza hibridi də yenilənəcək: Flying Spur modeli 2021-ci ildən belə versiyada təklif olunur. Lakin sırf benzin modifikasiyaları olmayacaq – onlar çeşiddən çıxarılıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.