Dodge Charger modelinin yeni nəsli 2024-cü ilin yazında təqdim edilib, lakin onun ABŞ-dakı satışlarına yalnız 2025-ci ilin yanvarında start verilib, özü də bazara ilk çıxan elektrik versiyaları olub. Stellantis konserni onlara böyük ümid bəsləsə də, batareyalı Charger Daytona uğursuzluqla qarşılaşıb: ilin birinci yarısında cəmi 4299 avtomobil satılıb! Amerikalılar əvvəldən elan olunmuş, lakin istehsalına indi başlanılan benzin mühərrikli Dodge Charger Sixpack modelinin bu vəziyyəti düzəldəcəyinə ümid bəsləyirlər.

Hələlik söhbət Hemi V8 mühərriklərindən getmir. Daha əvvəl vəd edildiyi kimi, Dodge Charger Sixpack iki Garrett turbokompressoru olan 3,0-litrlik sıralı altısilindrli Hurricane mühərriki ilə təchiz edilir. Bu mühərrik iki versiyada təklif ediləcək - 426 at qüvvəsi və 635 Nm hasil edən S.O. (Standart Output), həmçinin 558 qüvvəsi və 720 Nm təklif edən H.O. (High Output).

S.O. versiyası olan avtomobillərin adlarına R/T, daha güclü versiyaların isə, Scat Pack indeksi əlavə ediləcək. İstənilən halda, benzin mühərrikli Charger modelləri səkkiz pilləli “avtomat” və tam ötürmə ilə təchiz olunurlar. Bununla belə, daha möhtəşəm startlar və ya yanacaq qənaəti üçün ön oxu tamamilə ayırmaq mümkündür (orada çoxdiskli mufta quraşdırılıb). Arxa oxada quraşdırılan mexaniki özükilidlənən differensial standartdır.

Ən güclü Dodge Charger Sixpack Scat Pack 60 mil/saata (97 km/saata) 3,9 saniyəyə sürətlənir və dörddə bir mili 12,2 saniyəyə qət edir. Maksimal sürət 285 km/saatdır. Müqayisə üçün: Dodge Charger Daytona Scat Pack (680 at qüvvəsi) elektrik versiyası 60 mil/saata (97 km/saata) 3,3 saniyəyə sürətlənir və dörddə bir mil məsafəsini 11,5 saniyəyə qət edir. Düzdür, onun boş çəkisi benzin analoqundakı 2185-ə qarşı 2648 kiloqram təşkil edir. Scat Pack versiyası ön oxda altı porşenli mexanizmləri olan Brembo əyləcləri ilə təchiz olunur.

Benzin mühərrikli Dodge Charger modeli batareyalı modellərdən fərqli ön dizaynı ilə seçilir. O, inteqrasiya olunmuş orijinal R-Wing spoylerini itib, çünki onun yerini daxili yanma mühərrikinin radiatorları tutur. Ön bamperdə əlavə hava girişi peyda olub. Qalan cəhətdən benzin mühərrikli Charger modelləri elektrokarlardan fərqlənmirlər, onların dizaynı isə, keçən əsrin eyni adlı Dodge modellərinə işarə edir.
Satışa ilk çıxan qiyməti 55 min dollardan başlayan Dodge Charger Sixpack Scat Pack top versiyası olacaq. 2026-cı ilin əvvəlində isə, qiyməti 50 min dollardan başlayan daha sadə Sixpack R/T versiyaları alıcılar üçün əlçatan olacaq. Müqayisə üçün,Charger Daytona Scat Pack elektrik versiyası hazırda ən azı 74.000 dollara başa gəlir, lakin Stellantis tələbi stimullaşdırmaq üçün, 2026-cı model ilinin avtomobillərinin qiymətini 60.000 dollara endirdiyini elan edib. Bütün versiyalar üçqapılı və beşqapılı kuzovlar ilə əlçatan olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.