Alfa Romeo şirkətinin Amerika ofisi Giulia Quadrifoglio idman sedanının və Stelvio Quadrifoglio krossoverinin məhdud tirajlı eksklüziv nəşrini buraxacağını elan edib. Bu modellər, müvafiq olaraq, 2015 və 2016-cı illərdən istehsal olunurlar və keçən ilin sonunda planlaşdırılmış restaylinqdən keçiblər. Carbon Edition adlandırılmış yeni xüsusi versiyalar yalnız ABŞ bazarı üçün nəzərdə tutulub və modellərin hər biri 65 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq.

Carbon Edition versiyaları standart modellərdən yalnız eksteryer tərtibatı ilə fərqlənirlər. Radiator barmaqlığının bütün bölmələri və xarici güzgü gövdələri karbon lifindən hazırlanır, əyləc supportları qızılı rəngə boyanır, modelin işarələnməsi olan emblemlər isə qara rəngdədirlər.

Image alt Image alt Image alt

İstehsalçı, qəribə də olsa, interyerin şəkillərini dərc etməyib, lakin müəyyən məlumatı paylaşıb: belə versiyalar eksklüziv qırmızı rəngli idman oturacaqlarına və karbondan dekora malik olacaqlar.

Maraqlıdır ki, 2,0-litrlik mühərriki olan baza sedan və krossoverləri üçün əlavə ödəniş müqabilində qırmızı oturacaqları sifariş etmək olar, lakin “bərkgedən” Quadrifoglio modifikasiyasında onlar yalnız qara rəngdə ola bilərlər. Carbon Edition nəşrindən olan sedan və krossoverlər Harman/Kardon audio sistemi və sürücüyə yardım sistemləri dəsti də daxil olan zəngin təchizatla çatdırılacaqlar.

Image alt Image alt Image alt

Texniki dəyişikliklər baş verməyib, hər iki avtomobil 2,9-litrlik V6 biturbo mühərriki ilə təchiz edilir ki, amerikan spesifikasiyasında bu aqreqat 512 at qüvvəsi hasil edir. Xatırladaq ki, Avropada satılan modellər bu mühərrikin əvvəllər 510, indi isə 520 at qüvvəsi hasil edən versiyası ilə təchiz edilirlər.

Transmissiya – ZF şirkətinin klassik 8-pilləli 8HP75 avtomatik ötürmələr qutusudur. “Bərkgedən” Giulia yalnız arxa, Stelvio isə tam ötürməlidir. Məhdud buraxılışlı Alfa-Romeo modellərinin qiyməti sedan üçün 84 875 dollar (+3 500 dollar) və krossover üçün 92 275 dollar (+ 5 000 dollar) təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.