Dörd il əvvəl debüt edən Cadillac Lyriq krossoveri məşhur amerikan brendinin ilk elektromobili olub. Başlanğıcda onun kommersiya uğuru o qədər də diqqətəlayiq olmayıb, lakin keçən il ABŞ bazarında 28 minlik tirajla satılan Lyriq, hətta daxili yanma mühərrikli Cadillac XT5 (26 min ədəd) krossoverini də üstələyib.
İndi isə, bu krossover həm də “V” prefiksini almış ilk “bərkgedən” Cadillac elektrik krossoveri olub: yenicə təqdim edilən Cadillac Lyriq-V amerikan brendin bütün tarixi boyunca yaradılmış ən dinamik modelidir.
Bununla belə, “V” versiyasını ayırd etmək o qədər də asan iş deyil, çünki o, baza modeldən yalnız xırda cizgilərlə fərqlənir. Ön hissədə fərqli dekorativ naxışlı hava sipəri, habelə böyüdülmüş splitteri və hava girişi olan bamper peyda olub. Kandarlarda əlavə örtmələr quraşdırılıb, kuzov rəngləri palitrasına isə, eksklüziv boz Magnus Metal Frost çaları əlavə edilib.
Arxa hissədə kiçik spoyler quraşdırılıb, buradakı bamperdə isə, diffuzor peyda olub. Əlbəttə ki, kuzov boyunca səpələnmiş çoxsaylı “V” nişanları da var. Krossover 22-düymlük təkər disklərini alıb, üstəlik, Amerika üçün xarakterik olan bütün mövsüm şinlərinin əvəzinə yay şinlərini sifariş etmək mümkünüdür.
İnteryerdə baza modeldən elə də böyük fərq yoxdur. Buna misal kimi, “V-Series” yazısı həkk edilmiş kandar lövhələrini göstərmək olar. Ön oturacaqlar yan dəstəyin genişləndirilmiş tənzimləmələrini və bərk tutan örtüyü əldə edib. 33-düymlük vahid ekran xüsusi idman rejimini alıb.
Markanın LMDh sinifli yarış prototiplərindən götürülmüş səsli müşayət - mühərrikin gurultusunu təqlidi edən sistem də mövcuddur. Əlbəttə ki, panoram dam, tamamlanmış reallıqlı proyeksiya displeyi və AKG audio sistemi (23 dinamik və Dolby Atmos texnologiyası) daxil olmaqla ən zəngin avadanlıq dəsti saxlanılıb.
Əgər adi tamötürüməli Lyriq modelinin ikimühərrikli güc qurğusunun ümumi hasilatı 510 at qüvvəsi və 610 Nm, Lyriq-V versiyasının isə, 624 at qüvvəsi və 880 Nm təşkil edir. Daha böyük Cadillac Vistiq krossoveri də oxşar göstəricilərə malikdir, lakin Lyriq-V ondan 157 kiloqram yüngüldür (2713 kiloqram) ki, bu da elektrik krossoverinə 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə rekordu vurmağa imkan verir: 3,3 saniyə!
Doğrudur, belə dinamika yalnız ən ekstremal V- Mode rejimində əlçatandır. 102 kilovat/saatlıq batareya standartdır və EPA dövrünə əsasən 280 millik (450 kilometr) yürüş məsafəsini təmin edir. SC şarj terminalına on dəqiqəlik qoşulma, 121 kilometrlik yürüş ehtiyatını bərpa etməyə imkan verir.
Lyriq-V krossoverinin şassisi yenidən tənzimlənib: sükan idarəetməsinin daha kəskin və daha dəqiq tənzimləmələri və adaptiv amortizatorları olan hündürlüyü aşağı salınmış asqı mövcuddur. Hərəkət elektronikasında hətta ayrıca Competitive Mode trek pejimi də peyda olub. Öndə 390 millimetrlik böyük əyləc diskləri olan Brembo mexanizmləri də quraşdırılıb.
Cadillac Lyriq-V supe krossoverini artıq ABŞ-da 80 min dollardan başlayan qiymətlərlə sifariş etmək mümkündür. Müqayisə üçün qeyd edək ki, adi ikimühərrikli Lyriq modelinin qiyməti 64 min dollardan, arxa ötürməli baza versiyasının isə, 60 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.