Formula 1 çempionatının keçmiş icraçı direktoru Berni Ekklstoun Ferrari rəhbərliyinin son hədəsinin boş sözlər olmadığını bildirib.
Keçən həftə Ferrari prezidenti Sercio Markionne Formula 1 çempionatının yeni sahiblərinin 2021-ci ildə güc qurğularının müəyyən hissələrini unifikasiya etmək təklifindən narazılığını bildirmiş və çempionatı tərk etməklə hədələmişdi. Bir çoxları bunu "sonuncu Çin xəbərdarlığı" kimi qəbul etsə də, Berni tamamilə başqa fikirdədi.
“Adətən Ferrari qalib gəlmədiyi zaman reqlamentin dəyişdirilməsini təkid edir, - Ekklstoun Independent nəşrinə verdiyi müsahibəsində bildirib. – Əgər onlar hesab etsələr ki, yeni qaydaların tətbiqi nəticəsində problemlərlə üzləşəcək və qoyduqları sərmayədən fayda əldə etməyəcəklərsə, o zaman həqiqətən çempionatı tərk edə bilərlər”.