Məşhur Bertone atelyesi 2014-cü ildə müflis elan edilib və o vaxtdan bəri bu markaya olan hüquqlar məqsədsiz şəkildə əldən ələ keçib. Əvvəlcə Bertone brendini şirkətin keçmiş işçiləri cüzi məbləğ qarşılığında satın alıblar, 2016-cı ildə brend AKKA Technologies mühəndislik bürosuna, iki il əvvəl isə Ideactive agentliyinə satılıb. Hər iki şirkət avtomobil sənayesində otuz ildən çox iş təcrübəsi olan Mauro və Jan-Frank Riççi qardaşlarına məxsusdur. İndi isə, qardaşlar Bertone brendini həyata qaytarmaq qərarına gəliblər.
Yeni dövrün ilk nümayəndəsi Bertone GB110 hiperkarı olub, lakin avtomobil barədə məlumat çox azdır. İndiyə qədər hiperkarın şəkillərinin əvəzinə yalnız renderlər dərc edilib, interyer isə tam şəkildə göstərilməyib (yalnız iki fərqli eskiz var). Avtomobilin adında 110 il əvvəl Carrozzeria Bertone şirkətini quran Covanni Bertonenin ad və familiyasının baş hərfləri şifrələnib.
Rəsmi olaraq, kupenin “alman istehsalı olan komponentlər” əsasında inşa edildiyi bildirilsə də, bir sıra elementlər onun Lamborghini Huracan modelinə əsaslandığına işarə edir. Bununla belə, Huracan üçün bir çox qurğu və aqreqatlar (o cümlədən V10 mühərrikləri) məhz Almaniyada, Audi şirkətinin müəssisələrində istehsal olunduğu məlumdur.
Bertone GB110 orijinal xarici kuzov panellərinə və işıqlandırma texnikasına malikdir, Huracan modelini isə, şüşələnmə və gilyotin tipli qapıların yerləri sayəsində tanımaq olar.
İkiqollu ön və arxa asqıya malik olan şassi saxlanılıb, lakin Bertone kupesi 20-düymlük təkər disklərinin əvəzinə öndə 255/30 R21, arxada isə 335/25 R22 ölçülü şinləri olan daha möhtəşəm “ayaqqabılara” quraşdırılıb. Yeddi pilləli "robot" və tam ötürmə sistemi də yerində qalıb.
Mühərrikin mənşəyi haqqında isə, əminliklə bir şey söyləmək mümkün deyil. Lamborghini Huracan 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki ilə təklif edilir.
Bertone GB110 hiperkarı isə 1100 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edən güc qurğusu ilə öyünə bilər. Mühərrik təkrar emal edilmiş plastik tullantılarından hazırlanmış sintetik yanacaqla işləyə və 8400 dövr/dəqiqəyə qədər sürətlənə bilər. Təəssüf ki, başqa təfərrüatlar açıqlanmayıb.
Lakin dinamik xüsusiyyətlər açıqlanıb. Bertone kupesi 100 km/saata 2,79 saniyəyə, 200 km/saata isə 6,79 saniyəyə sürətlənəcəkdir. Müqayisə üçün, Huracan Evo kupesinin göstəriciləri müvafiq olaraq 2,9 və 9,0 saniyədir. Bertone kupesinin maksimal sürəti 380 km/saatdır ki, bu da orijinal Lamborghini superkarında olduğundan 55 km/saat çoxdur. Bertone GB110 hiperkarının tirajının 33 nüsxə ilə məhdudlaşacağı deyilir. Sifarişlər artıq qəbul edilir, ilk əmtəə nüsxələrinin 2024-cü ildə hazır olacağı vəd edilir, lakin unikal kupenin nə qiyməti, nə də istehsal olunacağı yer məlumdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.