Dünən Audi şirkətinin baş direktoru Rupert Ştadlerin bayraqdar sedanı olan A8 modelinin yeni beşinci nəslinin təqdim ediləcəyini tarix barədə rəsmi bəyanatla çıxış etdiyini xəbər vermişdik.Necə deyərlər, yazdığımız mətnin mürəkkəbi qurumamış yeni sedanın kamuflyaja bürünmüş prototipi Almaniya - Avstriya sərhəddində yerləşən ərazidə fotocəsuslara rast gəlmişdir.
Motor1 saytı tərəfindən dərc edilmiş şəkillərdən göründüyü kimi, prototip Audi A4 modelindən tanış olan altıbucaqlı radiator barmaqlığına malikdir. Ümumiyyətlə, ilk baxışdan prototipin hazırkı modelə nisbətən daha iri olduğu nəzərə çarpır.
A8 modelinin prototipi güclü kamuflyaj edilsə də, onun işıq texnikasının Prologue konseptinin fənərlərinə daha çöx bənzədiyini qeyd etmək olar. Prototipin tavan xəttinin də mövcud olan Audi A8 modelinə nisbətən bir qədər alçaq olduğu nəzərdən qaçmamışdır.
Prototipin daxili məkanının şəkilləri olmasa da, yeni «bayraqdarın» salonun tərtibatının Q7 və A4 modellərində gördüyümüz interyerindən bir qədər fərqli olacağı ehtimal edilir. Çox güman ki, yeni avtomobil standart olaraq virtual cihazlar paneli və MMİ məlumat-əyləncə kompleksinin ən yeni variantı ilə təchiz ediləcəkdir.
Xatırladaq ki, şirkət rəhbəri yeni nəsil Audi A8 modeli «avtopilot sistemi ilə təchiz edilmiş ilk seriya avtomobili» olacağını bildirmişdi. Yeni bayraqdarın zahiri görkəmi, bir müddət bundan əvvəl nümayiş etdirilimiş və markanın yeni şef-dizayner Mark Lihtin başçılıq etdiyi dizayenrlər komandası tərəfindən hazırlanmış Prologue konseptinin dizaynını xatırlatmalıdır.
Yeni bayraqdar sedanı MLB evo platformasının əsasında istehsal ediləcək və sələfindən 200 kiloqram yüngül olacaqdır. Audi A8 sedanının yeni mühərrik qammasına, Bentley Bentayga krossoverindən tanış olan 600 at qüvvəsi olan iki turbokompressorlu W12 mühərrik də daxil ediləcəkdir.
Alman şirkətindən avtomobilin təqdimatı barədə səhih məlumat verilməsə də, onun rəsmi nümayişinin gələn ilin martında baş tutacaq Cenevrə avtosalonunda keçirələcəyi ehtimal edilir.